SOYQIRIMI QURBANLARININ XATİRƏSİ HEÇ ZAMAN UNUDULMAYACAQDIR
Bərdə, 31 mart (AZƏRTAC). Bərdədə 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə Şəhidlər xiyabanına gələrək respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının məzarları üzərinə gül-çiçək düzmüşlər.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı İlham Ağayev erməni millətçilərinin tarixi Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq məqsədi ilə XX əsrdə xalqımıza qarşı apardıqları təcavüzkar siyasətdən, törədilən faciələrdən, terror aktlarından danışmışdır.
Çıxış edənlər ötən əsrdə ermənilərin Qarabağda, Naxçıvanda, Şamaxıda, Zəngəzurda, Bakıda, Qubada və digər yerlərdə törətdikləri qırğınları faktlarla diqqətə çatdırmış, bu gün də davam edən bu vəhşiliyi, işğalçılıq siyasətini qətiyyətlə pisləmişlər.
Çıxışlarda 1918-ci ilin martında Bakı və ətraf ərazilərdə baş vermiş faciələr bəşəriyyətə qarşı törədilmiş cinayət kimi qiymətləndirilmiş və bildirilmişdir ki, soyqırımı qurbanlarının xatirəsi heç zaman unudulmayacaqdır.
Xalqımızın məruz qaldığı faciələrin dünya ictimaiyyətinə çatdırılması və bu hadisələrə siyasi-hüquqi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin xidmətləri xatırladılmış, hazırda bu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanmışdır.
Tədbin sonunda Şuşa Dövlət Musiqili Dram Teatrı aktyorlarının ifasında Cəlil Məmmədquluzadənin “Kamança” pyesi göstərilmişdir.