SOYQIRIMI QURBANLARININ XATİRƏSİ YADDAŞLARDAN SİLİNMƏYƏCƏKDİR
Bakı, 31 mart (AZƏRTAC). Azərbaycan Texniki Universitetində 31 Mart - Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
Mərasim iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Universitetin rektoru, professor Havar Məmmədov, tarix kafedrasının müdiri, dosent Şikar Qasımov, tələbə gənclər təşkilatı sədrinin müavini Azər Abdullayev və başqaları 1918-ci il martın 31-də azərbaycanlıların soyqırımı hadisəsinin xalqımızın qan yaddaşında silinməz iz buraxdığını bildirmişlər. Bakı və Gəncə quberniyalarında, Qubada, Şamaxıda və digər bölgələrdə erməni daşnaklarının törətdikləri qanlı faciələr zamanı dinc əhaliyə amansız divan tutulması, insanların öz doğma yurd-yuvalarından deportasiya edilməsi pislənmişdir. Bildirilmişdir ki, ötən əsrdə azərbaycanlılara qarşı bir neçə dəfə bu cür soyqırımları törədilmişdir. Bu cinayətlərin icraçıları cəzalalandırılmadığına görə 1992-ci il fevralın 26-da daha dəhşətli Xocalı faciəsi baş vermişdir.
Vurğulanmışdır ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclər daha çox fəallıq göstərməlidirlər. Onlar elmi-texniki tərəqqinin son imkanlarından, internet resurslarından istifadə edərək Xocalı və 31 mart soyqırımları haqqında dünya ictimaiyyətinə daha dolğun məlumatlar verməli, Azərbaycan həqiqətlərini planetimizin hər yerinə yaymalıdırlar.