STRASBURQDA KEÇİRİLMİŞ İZDİHAMLI MİTİNQ XOCALI FACİƏSİNƏ HƏSR OLUNMUŞDUR
Strasburq, 1 mart (AZƏRTAC). Strasburqda fəaliyyət göstərən Azərbaycan Evinin təşkilatçılığı ilə şəhərin mərkəzindəki Kleber meydanında Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar izdihamlı mitinq keçirilmişdir.
Mitinqi Azərbaycan Evinin sədri Mustafa Alınca açaraq Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciəsi olduğunu bildirmişdir. O, müasir silahlarla silahlanmış erməni quldurlarının Xocalıya hücum edərək qəddar üsullarla yüzlərlə günahsız insanı qətlə yetirdiklərini, Ermənistanın keçmiş dövlət başçısı Robert Koçaryanın və hazırkı prezidenti Serj Sarkisyanın bu soyqırımına rəhbərlik etdiklərini, onların indiyədək cəzasız qaldıqlarını mitinq iştirakçılarının diqqətinə çatdırmışdır.
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və faciə ilə bağlı mitinq komitəsinin bəyanatı oxunmuşdur.
Xocalı faciəsi ilə bağlı keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün Fransaya gəlmiş Azərbaycan nümayəndə heyətinin üzvlərindən Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev, Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Azərbaycanlıların və Türk Xalqlarının Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov və “Kür-Araz” xeyriyyə cəmiyyətinin sədri Akif Kərimov bu mitinqin Avropanın rəmzi paytaxtı Strasburqda təşkil edilməsinin heç də təsadüfi xarakter daşımadığını, qəddar ermənilərin sülhsevər azərbaycanlılara qarşı dəfələrlə soyqırımı törətdiklərini, Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazilərinin 20 faizinin işğal edildiyini, ölkəmizin bir milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üzləşdiyini, Xocalı soyqırımından 18 il keçməsinə baxmayaraq dünya ictimaiyyətinin və beynəlxlaq təşkilatların susduğunu, hadisəyə hüquqi qiymət verilmədiyini vurğulamışlar. Onlar mitinq iştirakçılarını Xocalı faciəsini erməni təbliğatının təsiri altına düşmüş hər bir avropalıya olduğu kimi çatdırmağa çağırmışlar. Azərbaycanın tutduğu yolun haqq yolu olduğu və gec-tez bu haqqın öz yerini tutacağı, torpaqlarımızın tezliklə erməni işğalından azad ediləcəyi diqqətə çatdırılmışdır.
Əllərində üçrəngli Azərbaycan bayraqları, “Xocalıya ədalət”, “Xocalı soyqırımı azərbaycanlılara qarşı soyqırımıdır”, “Erməni özbaşınalığına son qoyulsun”, “Müharibə caniləri öz cəzalarını almalıdırlar”, “Hec vaxt bağışlamayacağıq” kimi sözlərin yazıldığı transparantlar tutmuş soydaşlarımız, türk diasporunun təmsilçiləri, qonşu Almaniyadan və digər yerlərdən gəlmiş azərbaycanlılar və tələbələrimizdən ibarət mitinq iştirakçıları “Koçaryan canidir!”, “Sarkisyan canidir!”, “Ermənilər, Azərbaycan torpaqlarını azad edin!” və s. şüarlar səsləndirmişlər.
Mitinq zamanı Azərbaycan nümayəndə heyətinin gətirdiyi Xocalı faciəsindən bəhs edən kitab və broşürlər, fotolar nümayiş etdirilmiş, insanlığa qarşı görünməmiş soyqırımı ilə bağlı əsl həqiqətlərin və faktların əks olunduğu fransız dilində yazılmış vərəqələr yerli sakinlərə və şəhərin qonaqlarına paylanılmışdır.
Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı faciəsi haqqında faktların Avropada getdikcə geniş vüsət almasından vahiməyə düşmüş ermənilər hər yerdə olduğu kimi, Strasburqda da mitinqi pozmağa cəhd göstərmişlər.
Ermənilərin hiyləsini başa düşən mitinq iştirakçıları qanun keşikçilərinə müraciət etmiş və onların növbəti fitnəkarlığının qarşısı alınmışdır.
Mitinq sakit şəraitdə başa çatmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq
######
