Sülhməramlılara aid növbəti avtomobil karvanının aksiya ərazisindən keçidi təmin edilib
Şuşa, 6 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 116-cı günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 20 avtomobilin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilib. Gün ərzində indiyədək aksiya ərazisindən Rusiya sülhməramlılarına məxsus 41 avtomobil keçib.
Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.