Sülhməramlıların növbəti avtomobil karvanı ekoaksiya ərazisindən sərbəst keçib
Şuşa, 6 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillər maneəsiz hərəkət edirlər.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 4 minik və 34 təminat-təchizat avtomobilinin Laçından Xankəndi istiqamətinə sərbəst hərəkəti təmin edilib. Gün ərzində indiyədək aksiya ərazisindən Rusiya sülhməramlılarına məxsus 80 avtomobil keçib.
Aksiya ərazisindən maneəsiz keçid bir daha göstərir ki, Ermənistanın blokada ilə bağlı səsləndirdiyi iddialar saxtadır. Laçın-Xankəndi yolu bütün humanitar məqsədli maşınlar və mülki şəxslər üçün açıqdır.
Qeyd edək ki, Qarabağda ekologiyanın çirkləndirilməsinə qarşı ötən il dekabr ayının 12-dən başlayan aksiya 116 gündür davam edir.