SURAXANI RAYONUNDA 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ QEYD EDİLMİŞDİR
Bakı, 31 mart (AZƏRTAC). Suraxanı rayonu Heydər Əliyev Mərkəzində 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirilmişdir.
Əvvəlcə soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, 1998-ci ildən bəri respublikada - 31 mart hər il Azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir. Son iki yüz ildə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə hüquqi-siyasi qiymət verilmişdir.
XIX-XX əsrlərdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı məqsədyönlü soyqırımı və deportasiya siyasəti tariximizin qanlı səhifələrindəndir. Bu cinayətkar siyasət iqtisadi, siyasi, maddi və mənəvi baxımdan ağır nəticələrə səbəb olmuşdur. Əzəli Azərbaycan torpaqları təcavüzkar qonşular tərəfindən qəsb edilmiş, on minlərlə azərbaycanlı öldürülmüş, yüz minlərlə insan doğma torpaqlarından didərgin salınmış, qiymətli maddi-mədəniyyət abidələri məhv edilmişdir.
Soyqırımı və deportasiya prosesi mərhələlərlə, müxtəlif tarixi şəraitdə, düşünülmüş plan əsasında həyata keçirilmişdir. “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək üçün saxta ideoloji tezislər formalaşdırılmış, terrorçu təşkilatlar yaradılmışdır. Erməni əhalisi Azərbaycan xalqına qarşı daim millətçilik, şovinizm ruhunda tərbiyə olunmuşdur.
1918-ci ilin mart qırğınları xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli təzahürlərindən biri kimi Azərbaycanın tarixinə qanla yazılmışdır.
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov məruzə ilə çıxış edərək erməni faşistlərinin xalqımızın başına gətirdiyi müsibətlər haqqında geniş məlumat vermişdir.
Tədbir Prezident İlham Əliyevin bu sözləri ilə yekunlaşdırılmışdır: “Ermənistanın və erməni lobbisinin təcavüzkar siyasətinə qarşı bu gün Azərbaycan dövləti, onun bütün dünyada getdikcə artan nüfuzu, siyasi çəkisi, gündən-günə yüksələn iqtisadi potensialı, xarici ölkələrdə ciddi ictimai-siyasi faktora çevrilən Azərbaycan icmaları, nəhayət qüdrətli Azərbaycan Ordusu dayanır”.