Tatarıstanın nümayəndəliyində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib
Bakı, 10 aprel, AZƏRTAC
Tatarıstan Respublikasının daimi nümayəndəliyində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC-a nümayəndəlikdən bildiriblər ki, tədbirin əvvəlində tamaşaçılara Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan-Tatarıstan münasibətlərinin qurulmasında rolu və Tatarıstanın birinci Prezidenti Mintimer Şaymiyev ilə dostluğu barədə videoçarx nümayiş olunub.
Sonra tədbir iştirakçıları Dahi Liderin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin Heydər Əliyev haqqında şəxsi xatirələrini bölüşüb.
Görüşün ədəbi-musiqili proqramında Diana Bıkova, Bəyaz Mürşüdlü, Səbinə, Fuad və Şamil Şamionovlar, Viktoriya Mityaevanın ifasında Heydər Əliyev haqqında şeirlər səslənib.
Konsertin rəqs hissəsini Amal Əhmədulin (tatar atlısının rəqsi) və Gülarə Xanmirzəyeva (“Biz gəlirik” rəqsi), Fatimə Əliyeva və Məryəm İbrahimova (tatar rəqsi) təqdim ediblər.
“Tuqan tel” ansamblı “Ağ çiçəyim” mahnısını ifa edib, gecəyə “Sarı gəlin” və “Arçalar” adlı kompozisiyalarla Rumiyə Adciqitova davam edib. Onu tarda Rəşad Yusifli müşayiət edib.
Gecədə, həmçinin Azərbaycanın Əməkdar mədəniyyət işçisi, müğənni Nuriyə Mansurovanın Heydər Əliyev haqqında xatirələri tamaşaçıların diqqətinə təqdim olunub.
Nümayəndəliyin foyesində gecənin iştirakçıları Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş fotosərgi ilə tanış olublar.