SİYASƏT
Türkiyə Prezidentinin Azərbaycana səfərini yeni mərhələnin başlanğıcı kimi dəyərləndirmək olar - QHT sədri
![Türkiyə Prezidentinin Azərbaycana səfərini yeni mərhələnin başlanğıcı kimi dəyərləndirmək olar - QHT sədri](/files/2023/2/1200x630/16865866585563914774_1200x630.jpg)
Bakı, 12 iyun, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin siyasi və mənəvi əhəmiyyəti böyükdür. Əlbəttə, bu, həm Türkiyəyə, həm Azərbaycana, həm də dünyaya bir mesajdır. İkitərəfli əlaqələrin hazırkı yüksək səviyyəsinin məntiqi nəticəsidir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana ənənəvi səfərini edir və bu, dövlət səfəridir. Yəni, Türkiyə Prezidentinin budəfəki dövlət səfəri dövlətlərarası münasibətlərin ən yüksək həddini, ölkələrarası dostluq və əməkdaşlığın ali səviyyəsini nümayiş etdirir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Cəmiyyətin İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Əhməd Abbasbəyli söyləyib.
Onun sözlərinə görə, son illər “bir millət, iki dövlət” müstəvisində qurulmuş münasibətlər elə zirvəyə qalxıb ki, iki dövlətin, iki liderin iş birliyi, əməkdaşlığı həm Türkiyənin və Azərbaycanın gələcəyinə, həm regionun inkişafına, həm də beynəlxalq arenada baş verən proseslərə təsir etmək gücündədir.
“Türkiyədə keçirilən Prezident seçkilərində Azərbaycan ictimaiyyətinin Rəcəb Tayyib Ərdoğana birmənalı dəstək göstərməsi, qalibiyyətinə sarsılmaz inamın bariz nümunəsi kimi Prezident İlham Əliyevin seçkilərin birinci turundan və ikinci turundan sonra Rəcəb Tayyib Ərdoğana zəngi, ilk olaraq təbrik etməsi bu deyilənlərin sübutudur. Seçkilərdən əvvəl də, seçki prosesində də səsləndirilən fikirlərdən aydın olurdu ki, Azərbaycan-Türkiyə əməkdaşlığı, liderlərin birgə sıx işbirliyi ilə görüləsi işlər, həyat keçiriləsi layihələr hələ çoxdur. Sirr deyil ki, Türkiyə-Azərbaycan münasibətləri, görüşləri, layihələri, atılan addımlar hər kəsin diqqət mərkəzindədir. Budəfəki səfəri həm də bu prosesdə yeni mərhələnin başlanğıcı, yarımçıq qalmış işlərin davamı, daha böyük layihələrin startı kimi dəyərləndirmək olar”, - deyə Əhməd Abbasbəyli vurğulayıb.
QHT sədri əlavə edib ki, Azərbaycan-Türkiyə münasibətlərinin yeni səhifəsi hər iki dövlətin, millətimizin gələcəyi, inkişafı, regionda sabitliyin və sülhün bərqərar olunması baxımından, həmçinin bütün Türk dünyası və Türk Dövlətləri Təşkilatı üçün də çox faydalı olacaq.