Türkiyə Respublikasının 81-ci ildönümü ölkənin bütün ərazisində təntənəli şəkildə qeyd olunmuşdur.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 29-da milli bayram - Respublika günü münasibətilə Türkiyə Respublikasının Prezidenti Əhməd Nəcdət Sezər, Böyük Millət Məclisinin sədri Bülənd Arınc, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Hilmi Özkök, nazirlər, millət vəkilləri, siyasi partiyaların sədrləri, ictimai təşkilatların rəhbərləri, ordunun yüksək rütbəli zabitləri, Ankarada akkreditə olunmuş xarici səfirlər Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məqbərəsinə gələrək, ulu öndərin xatirəsini hörmət və ehtiramla yad etmiş, gül çələngi qoymuşlar.
Elə həmin gün ölkənin dövlət və hökumət rəhbərləri və xarici qonaqlar Ankaranın Atatürk Mədəniyyət Mərkəzi stadionunda təşkil olunmuş bayram şənliklərinə və hərbi parada tamaşa etmişlər. Özfəaliyyət kollektivlərinin və idmançıların hazırladıqları bayram proqramı maraqla qarşılanmışdır.
Oktyabrın 29-da axşam Türkiyə Respublikasının Prezidenti Əhməd Nəcdət Sezər bayram münasibətilə Çankaya iqamətgahında rəsmi qəbul təşkil etmişdir.
Bayram İstanbul, İzmir və Samsun şəhərlərində də təntənəli şəkildə qeyd olunmuşdur.