TÜRKİYƏNİN MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ
Səfir Əhməd Ünal Çeviköz bayram mərasiminə toplaşanları salamlayaraq dedi ki, sağlam təməllər üzərində yaradılmış Türkiyə bu gün inkişaf və tərəqqi yolu ilə inamla irəliləməkdədir.
Türkiyə XXI yüzillikdə həm türk dünyasının, həm də Avropa ailəsinin üzvü olaraq dünyada demokratik dəyərlərin qorunmasına və mədəniyyətlərarası dialoqun davam etdirilməsinə çalışır. Atatürkün öz xalqına əmanət etdiyi Türkiyə buna qadirdir.
Səfir bildirdi ki, Türkiyə Azərbaycanın yenidən müstəqillik əldə etməsi ilə ölkəmizin gələcəyinə ümidlə baxır. Azərbaycanın dünya ölkələri ailəsində özünə layiqli yer tutması uğrunda atdığı hər yeni addım Türkiyə üçün qürur mənbəyidir. Səfir vurğuladı ki, eyni millətə mənsub iki müstəqil dövlətin övladları kimi, biz bir-birimizdən güc alır və bunu yüksək dəyərləndiririk. Türkiyə Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün nə mümkündürsə etmiş və bundan sonra da edəcəkdir.
Diplomat Azərbaycanı demokratik, dinamik inkişaf etməkdə olan bir ölkəyə çevirməkdə, Türkiyə-Azərbaycan qardaşlığının möhkəmlənməsində əvəzsiz xidmətləri olan ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə dərin hörmət və ehtiramını bildirdi. Öz diplomatik missiyasını başa çatdıraraq iki gündən sonra ölkəmizdən ayrılacağını bildirən səfir respublikamızda ona göstərilən qonaqpərvərliyə görə Azərbaycan xalqına təşəkkürünü yetirdi.
Sonra mərasimdə Milli Məclisin sədri Murtuz Ələsgərov çıxış edərək dedi ki, bu bayram Türkiyə kimi, Azərbaycan xalqı üçün də eyni dərəcədə əzizdir. O, əlamətdar gün münasibətilə mərasim iştirakçılarını, bütün türk xalqını Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik etdi, dövlətimizin başçısının salamlarını və xoş arzularını çatdırdı.
Azərbaycan və Türkiyənin bir millətin iki dövləti olduğunu söyləyən M.Ələsgərov dost və qardaş ölkələrin sıx əməkdaşlıq etməsində dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin rolundan da söz açdı. O dedi ki, dövlətlərimiz arasında bir çox mühüm sənədlər imzalanıbdır. Bu sənədlər strateji əməkdaşlığımızın əsaslarını qoymuşdur. Türkiyə xalqı Azərbaycan xalqının dahi oğlu, ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirmişdir.
Mərasimdə qeyd olundu ki, Azərbaycan ilə Türkiyə arasında əlaqələr olduqca genişdir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Ərzurum qaz kəmərlərinin tikintisi ölkələrimizin sürətli inkişafına, Qafqazda sülh və əmin-amanlığın təmin olunmasına xidmət edəcəkdir.
M.Ələsgərov parlamentlərarası əlaqələrdən də danışdı. Dedi ki, ölkələrimizin nümayəndələrinin beynəlxalq təşkilatlarda sıx əməkdaşlığı yaxşı səmərə verir. Türkiyə vasitəsilə Azərbaycan Avratlantika ailəsinə inteqrasiya edir.
Mərasimdə xarici işlər naziri Elmar Məmmədyarov, nazirlər, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, elm, ədəbiyyat, incəsənət xadimləri iştirak edirdilər.