İQTİSADİYYAT
Vüsal Qasımlı: Ötən 4 gündə Ermənistanın hərbi itkiləri 1,2 milyard dollar qiymətləndirilir
Bakı, 2 oktyabr, AZƏRTAC
Ötən 4 gündə Ermənistanın hərbi itkiləri 1,2 milyard ABŞ dolları qiymətləndirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.
O bildirib ki, Azərbaycan Ordusunun əks-həmləsi Ermənistan üçün ağır başa gəlib: “İlk 4 gün ərzində düşmənə endirilən zərbələr nəticəsində Ermənistanın təxmini 1,2 milyard dollardan çox qiyməti olan hərbi texnika və sursatı məhv edilib. Ən əsası məhv edilən hərbi infrastrukturdur ki, bunun da bərpasına onilliklər lazım olur. Ermənistanın hərbi itkilərinin maliyyə tutumu onun dövlət büdcəsində hərbi istiqamətə nəzərdə tutulmuş xərclərinin həcmini iki dəfə üstələyir. Eyni zamanda, ilk 4 gündə məhv edilən təkcə hərbi texnika və sursatın dəyəri Ermənistanın strateji valyuta ehtiyatlarının yarısına və dövlət büdcəsinin üçdəbirinə bərabərdir”.
V.Qasımlı, həmçinin deyib ki, artıq Ermənistan milli valyuta - dramın devalvasiyası və ərzaq qıtlığı kimi təhdidlərlə üzbəüzdür: “Azərbaycan Ordusunun uğurlu əks-həmləsi Ermənistanın onsuz da yüksək olan risk dərəcəsini bir qədər də artırır və ölkədən valyuta axınını sürətləndirir. İndi bu ölkəyə sərmayə qoymaq və borc vermək daha da təhlükəli olmuşdur. Proseslərin belə davamı Ermənistanda yoxsulların sayının da kəskin artmasına səbəb olacaqdır. Beləliklə, düşmən ölkəni əvvəlcə iqtisadi, sonradan isə həm də sosial və siyasi böhran gözləyir”.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Ermənistan iqtisadiyyatının düşdüyü mövcud vəziyyət təhlil edilərək hesabat hazırlanır.