Vüsal Quliyev: Azərbaycan üçün rəqəmsallaşma iqtisadi təhlükəsizlik və milli rəqabət qabiliyyətinin əsas komponentidir
Bakı, 2 mart, Günel Türksoy, AZƏRTAC
Qlobal miqyasda süni intellekt və rəqəmsal hökumət modellərinin sürətli inkişafı fonunda Azərbaycanın rəqabət qabiliyyətini qoruyub artırması üçün bir neçə prioritet istiqamət ön plana çıxır. İlk növbədə, milli süni intellekt strategiyasının praktiki tətbiqi vacibdir. Enerji sektorunda hasilatın optimallaşdırılması, elektrik şəbəkəsində itkilərin azaldılması, kənd təsərrüfatında peyk məlumatlarına əsaslanan məhsuldarlıq proqnozları kimi real tətbiqlər iqtisadi səmərəliliyi yüksəldə bilər. Bununla yanaşı, insan kapitalına investisiya həlledici amildir. Məktəblərdə kodlaşdırma və rəqəmsal bacarıqların tədrisi, universitetlərdə data elmi və süni intellekt proqramlarının genişləndirilməsi, dövlət–özəl sektor əməkdaşlığı əsasında təcrübə proqramlarının təşkili uzunmüddətli rəqabət üstünlüyü formalaşdırır.
Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, Topçubaşov Mərkəzinin eksperti Vüsal Quliyev deyib.
Onun sözlərinə görə, rəqəmsallaşma əmək bazarına da transformativ təsir göstərir: “Avtomatlaşdırma bəzi ənənəvi peşələrin azalmasına səbəb ola bilər, lakin eyni zamanda, data analitikası, kibertəhlükəsizlik və proqram mühəndisliyi kimi sahələrdə yeni və yüksəkixtisaslı iş yerləri yaradır. Bu keçid dövründə riskləri azaltmaq üçün peşə təhsilinin rəqəmsal istiqamətdə yenilənməsi və davamlı təlim mexanizmləri tətbiq olunmalıdır. Digər mühüm məsələ şəxsi məlumatların qorunması və kibertəhlükəsizlikdir. Dövlət reyestrlərinin və maliyyə məlumatlarının rəqəmsallaşması kiberriskləri artırır. Buna görə güclü şifrələmə standartları, müntəzəm kiberaudit, kritik infrastrukturun xüsusi qoruma rejimi və müstəqil nəzarət mexanizmləri vacibdir. Eyni zamanda, sosial bərabərlik aspekti nəzərə alınmalıdır. Regionlarda genişzolaqlı internetə çıxışın artırılması və yaşlı əhali üçün rəqəmsal maarifləndirmə proqramları rəqəmsal uçurumun dərinləşməsinin qarşısını ala bilər”.
Vüsal Quliyev vurğulayıb ki, bu il fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirə bu transformasiyanın növbəti mərhələsini ifadə edir. “Bu təşəbbüs rəqəmsallaşmanı ayrı-ayrı layihələr səviyyəsindən çıxararaq vahid milli arxitektura çərçivəsində koordinasiya etməyi hədəfləyir. Dövlət qurumları arasında
müxtəlif aparat və proqram platformalarının qarşılıqlı fəaliyyət qabiliyyətinin gücləndirilməsi, məlumat bazalarının inteqrasiyası və dataəsaslı qərarvermə mexanizmlərinin tətbiqi idarəetmənin keyfiyyətini yüksəldə bilər. Bu, həm də texnoloji suverenlik və rəqəmsal təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır. Ümumilikdə Azərbaycan üçün rəqəmsallaşma artıq alternativ deyil, iqtisadi təhlükəsizlik və milli rəqabət qabiliyyətinin əsas komponentidir. Düzgün planlaşdırılmış siyasət, insan kapitalına davamlı investisiya və güclü institusional koordinasiya sayəsində ölkə yaxın onillikdə Cənubi Qafqazın aparıcı rəqəmsal iqtisadiyyatlarından birinə çevrilə bilər”.