Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Malayziyada tədbir təşkil olunub
Kuala Lumpur, 22 fevral, AZƏRTAC
Malayziyanın Saybercaya şəhərində yerləşən KIRKBY Beynəlxalq Kollecində Azərbaycanın Malayziyadakı səfirliyi tərəfindən Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın bu ölkədəki səfiri Qaley Allahverdiyev Ermənistanın işğalçılıq siyasəti, Azərbaycana qarşı elan olunmamış müharibə və Xocalı soyqırımı haqqında iştirakçılara geniş məlumat verib. Ermənistanın işğalçı qoşunları tərəfindən törədilmiş cinayətlərdən danışan səfir Xocalı soyqırımına hüquqi qiymət verilməsi prosesindən, dünya ictimaiyyətinin diqqətinin bu faciəyə yönəldilməsinin vacibliyindən bəhs edib. Qeyd olunub ki, dünyanın bir sıra ölkələrinin parlamentləri, o cümlədən ABŞ-ın bir çox ştatı bu faciəni soyqırımı kimi tanıyıb. İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Xocalı faciəsinin insanlıq əleyhinə cinayət aktı olduğunu təsdiqləyən sənədin qəbul edilib.
Səfir, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası haqqında da Kollecin tələbələrinə məlumat verib, onları bu kampaniyaya dəstək verməyə çağırıb.
Sonra Heydər Əliyev Fondu tərəfindən ingilis dilində hazırlanmış “Justice for Khojaly” sənədli filmi nümayiş etdirilib.
Beynəlxalq Kollecin kitabxanasında Xocalı soyqırımı hadisələrini və Ermənistanın Azərbaycana qarşı təcavüzünü özündə əks etdirən ingilis və malay dillərində çap olunan nəşrlərdən, həmçinin soyqırımı qurbanlarının fotoşəkillərindən ibarət sərgi təşkil olunub. Sərgi ilə tanış olan malay tələbələr xalqımızın başına gətirilmiş faciələr barədə əldə etdikləri məlumatlardan dəhşətə gəldiklərini bildiriblər.
Xocalı hadisələrini əks etdirən kitablar, o cümlədən Səriyyə Müslümqızının “Xocalı uşaqları, qan içində qar çiçəyi” adlı povestinin malay dilinə tərcümə edilmiş nüsxələri, həmçinin Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ombudsmanının bəyanatının surəti tələbələrə təqdim olunub. KIRKBY Beynəlxalq Kollecinin kitabxanasına Xocalı soyqırımı haqqında kitab və jurnallar hədiyyə edilib.
Tədbirdə kollecin müəllim və tələbə heyəti, yerli ictimaiyyətin nümayəndələri və səfirliyimizin əməkdaşları iştirak ediblər.
Sonda soyqırımı qurbanlarının xatirəsinə ehsan verilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur