SİYASƏT
YAP Səbail rayon təşkilatı partiyanın yaranmasının 25 illiyini silsilə tədbirlərlə qeyd edəcək
Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının idarə heyətinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı nitqində səsləndirdiyi fikirlərin əhəmiyyətindən danışıb. Təşkilat sədri dövlətimizin başçısının proqram xarakterli nitqinin hər bir azərbaycanlı kimi, partiyanın üzvləri qarşısında da yeni vəzifələr müəyyənləşdirdiyini vurğulayıb.
Noyabrda YAP-ın təsis olunmasının 25 illiyinin geniş qeyd ediləcəyini vurğulayan Ş.Hacıyev bu münasibətlə nəzərdə tutulan tədbirlərdən danışıb. O, YAP Səbail rayon təşkilatının da yubiley münasibətilə silsilə tədbirlər keçirəcəyini diqqətə çatdırıb.
Sonra gündəlikdə duran məsələlər barədə məlumat verilib. Bildirilib ki, yubiley münasibətilə YAP-ın qızıl fondu - "91-lər"lə görüşün, "dəyirmi masa"ların, elmi konfransın, ağacəkmə aksiyasının, bayram konsertinin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.
İdarə heyətinin üzvləri çıxışlarında müzakirə olunan məsələlər barədə rəy və təkliflərini bildiriblər.
Gündəlik səsə qoyularaq təsdiq edilib.
İclasda ərazi ilk partiya təşkilatlarında görülmüş işlər haqqında hesabat məruzələri dinlənilib, cari məsələlər müzakirə olunub.