Yəməndəki bütün Azərbaycan vətəndaşları ilə əlaqələndirmə davam etdirilir
Bakı, 4 aprel, AZƏRTAC
“Bir qrup Azərbaycan Respublikası vətəndaşı Rusiya Federasiyası tərəfindən təmin edilmiş təyyarə vasitəsilə Yəməndən təxliyə edilib və bu dəstəyə görə Rusiya Federasiyasına təşəkkürümüzü ifadə edirik. Rusiya Federasiyasının Yəməndəki diplomatik nümayəndəliyinin əməkdaşları və Rusiya Fövqəladə hallar Nazirliyinin şəxsi heyətinin rolunu xüsusilə qeyd etmək istərdik”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mətbuata açıqlamasında bildirib.
H.Hacıyev qeyd edib ki, növbəti qrup Azərbaycan vətəndaşlarının da Yəməndən təxliyəsi üçün Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyi Rusiya tərəfi ilə əlaqələndirməni davam etdirir.
“Texniki məsələlər və uçuş icazələri hazır olan kimi Türkiyə də ayrılacaq təyyarə vasitəsilə Azərbaycan vətəndaşlarının təxliyəsinə kömək göstərməyə hazırlığını bildirmişdi. Buna görə Türkiyəyə də öz təşəkkürümüzü bildirmək istərdik”, - deyə mətbuat xidmətinin rəhbəri söyləyib.
Qeyd edilib ki, ümumiyyətlə, Yəməndə 20-yə yaxın Azərbaycan vətəndaşı var. Onların əksəriyyəti birgə nikahda olan şəxslərdir. Yeddi nəfər Azərbaycan vətəndaşı Yəməndə də akkreditasiya olunmuş Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyində konsulluq qeydiyyatından keçib.
Bildirilib ki, Xarici İşlər Nazirliyinin təlimatı əsasında Səudiyyə Ərəbistanındakı səfirliyimiz Yəməndə olan bütün Azərbaycan vətəndaşları ilə əlaqələndirməni davam etdirir. Yəməndəki hadisələrlə əlaqədar 2015-ci ilin fevral ayından etibarən Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin internet səhifəsində “qaynar xətt” fəaliyyət göstərir.