ZAQATALADA SOYQIRIMI QURBANLARININ XATİRƏSİ YAD EDİLMİŞDİR
Zaqatala, 30 mart (AZƏRTAC). Zaqatala şəhərindəki “Azərbaycanlıların soyqırımı” xatirə-kompleksinin önündə 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilmişdir.
Təidbir iştirakçıları abidənin önünə əklil qoymuş, gül-çiçək dəstələri düzmüş, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Azərbaycan xalqına qarşı əsrlər boyu davam edən soyqırımı və deportasiya siyasətinin mahiyyəti, tarixi kökləri barədə ətraflı məlumat vermiş, torpaqlarımıza, təbii sərvətlərimizə, mədəniyyətimizə daim göz dikən erməni millətçilərinin xalqımıza qarşı zaman-zaman həyata keçirdikləri soyqırımından, törətdikləri vəhşiliklərdən danışmışdır. Etnogenezi və ilkin məskunlaşma arealı dəqiq bilinməyən, hər yerə səpələnən, yalnız bəd əməlləri hesabına bir yerə cəmləşən ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin indi də davam etdiyini nəzərə çarpdıran natiq xalqımızın 20 Yanvar, Xocalı kimi misli görünməmiş dəhşətli faciələr yaşadığını, torpaqlarımızın 20 faizinin işğal olunduğunu, bir milyona yaxın həmvətənimizin doğma torpaqlarından didərgin düşdüyünü bildirmişdir. O, erməni millətçilərinin qanlı cinayətlərinə hüquqi-siyasi qiymət verilməsində ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərini vurğulamış, ulu öndərin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanını xatırlatmışdır.
Çıxışlarda qeyd olunmuşdur ki, məhz ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyəti sayəsində Ermənistanın ölkəmizə qarşı işğalçılıq və təcavüzkar siyasəti artıq nüfuzlu beynəlxalq təşkilatlar tərəfində də pislənilir, Azərbaycanın ədalətli mövqeyi beynəlxalq birlik tərəfindən dəstəklənir, müdafiə edilir. Güclü iqtisadiyyata və nizami orduya malik olan Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı yadelli işğalçılardan azad etməyə hər zaman hazırdır və buna qadirdir.
Tədbirin sonunda məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
######
