SİYASƏT
Meksikada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
Vaşinqton, 27 fevral, AZƏRTAC
Mexiko şəhərinin Tlakskoake/Xocalı meydanında yerləşən “Xocalı soyqırımı” monumenti önündə Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliyi adından “Xocalı soyqırımı” monumenti önünə əklil qoyulub. Daha sonra çıxış edən səfir Məmməd Talıbov Azərbaycan tarixinin ən qanlı və amansız səhifəsi kimi yaddaşlarda qalan Xocalı soyqırımı barədə tədbir iştirakçılarına məlumat verib.
Tədbirdə iştirak edən “Gənc Diplomatlar” qeyri-hökumət təşkilatının rəhbəri Maurisio Tafoya Villanueva təşkilat tərəfindən Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar qəbul edilmiş bəyanatı səfirliyə təqdim edib.
Daha sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və meydanda yerləşən kilsənin zəngləri çalınıb.
Həmçinin Xocalı faciəsi barədə məlumatların yerli ictimaiyyətə çatdırılması məqsədilə səfirlik binasının qarşısında soyqırımı qurbanlarının xatirəsinə həsr olunan guşə yaradılıb. Türkiyə səfiri Timur Tahsin Söylemez, Ukrayna səfiri Oksana Dramaretska və Gürcüstan səfirliyinin müşaviri Giorgi Sirbiladze guşəyə baş çəkərək Xocalı soyqırımı qurbanlarını yad edib, gül dəstələri və əklillər qoyublar.
Anım günü ilə əlaqədar səfirlikdə dövlət bayrağı aşağı endirilib.
AZƏRTAC-ın Vaşinqton bürosu