Laçında məskunlaşan daha 10 ailəyə evlərin açarları təqdim olunub YENİLƏNİB FOTO VİDEO














Laçın, 14 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Noyabrın 14-də növbəti köç karvanı ilə Laçına çatan ailələrə evlərinin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələrinin iştirakı ilə açarların təqdim edilməsi mərasimi olub.
Ailələr evlərinin açarlarını sevinc hissi ilə təhvil alıblar.
15:20
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Noyabrın 14-də Böyük Qayıdış çərçivəsində Laçına növbəti köç prosesi gerçəkləşib. Laçın şəhəri bu dəfə daha 10 ailəyə qucaq açıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün daha 40 nəfər laçınlının yurd həsrəti bitib. 31 ildən sonra yenidən Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurduna qovuşub. Onlar şəhərdə böyük coşqu ilə qarşılanıblar.
Daha da gözəlləşən və abadlaşan Laçına qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Bununla da Laçın şəhərində 325 ailənin, yəni 1245 nəfərin daimi məskunlaşması təmin edilib.
Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.