REGİONLAR
AFAQ layihəsi çərçivəsində qadın fermerlərə dəstək göstərilib VİDEO







Şəki, 20 dekabr, AZƏRTAC
Ağsu, Şəki və Tərtər rayonlarından olan qadın fermerlər təlimlərə cəlb edilib, maldarlığı inkişaf etdirmək məqsədilə onlar avadanlıqlarla təmin olunublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə Şəkidə fermer qadınlar üçün seminar və təqdimetmə mərasimi keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar tədarük və təchizat” ASC tərəfindən “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsi çərçivəsində növbəti görüş Şəki Dövlət Aqrar İnkişaf Mərkəzində reallaşıb.
ASC-nin nümayəndəsi Asiman Aslanovanın sözlərinə görə, Ağsu, Şəki və Tərtər rayonlarında kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, maldarlıqla bağlı təlimləri uğurla başa vuran qadın fermerlər avadanlıqlarla təmin ediliblər. Belə ki, 3 rayon üzrə ümumilikdə 17 qadına 13 ədəd yem doğrayan avadanlıq, 1 ədəd dən üyüdən, 1 ədəd seperator, 2 ədəd inkubator, 1 ədəd süd çəkən avadanlıq verilib.
Layihə təlimlərini uğurla başa vuran Şəkinin Orta Zəyzid kəndindən olan qadın fermer Şəfa Qədirova süd çəkən avadanlıqla təmin olunub. Qadın fermer artıq on ilə yaxındır maldarlıqla məşğul olduğunu və ailə biznesini təşkil etdiyini, 6 baş iribuynuzlu mala baxdığını bildirib. Şəfa Qədirova süd çəkən avadanlığın onun işini xeyli asanlaşdıracağını və növbəti ildə mal sayını 10 başa çatdırmağı qarşısına hədəf qoyduğunu qeyd edib.
Xatırladaq ki, AFAQ layihəsinin əsas məqsədi ölkədə kənd təsərrüfatı sahəsində fermer qadınların fəaliyyətlərinin genişləndirilməsi, təsərrüfatlarında gəlirliliyin və məhsuldarlığın artırılması, həmçinin qadınların sahibkar fəaliyyətinin təşviqidir.