Altı ayın sosial-iqtisadi yekunlarının təhlili Azərbaycanda dayanıqlı inkişafın davam etdiyini göstərir
Bakı, 12 iyul AZƏRTAC
Cari ilin ötən 6 ayında sosial-iqtisadi inkişafın göstəriciləri onu deməyə əsas verir ki, dünyada baş verən gərgin geosiyasi proseslərə və bunun nəticəsində meydana çıxan böhrana baxmayaraq, Azərbaycanın davamlı inkişaf strategiyası uğurla həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Sadiq Qurbanov deyib.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi siyasi xətt və iqtisadi inkişaf proqramları ölkəmizin dayanıqlı inkişafını təmin edib. Cari ilin ötən 6 ayında qeyri-neft sənayesinin 6,5 faiz, qeyri-neft sektorunun isə 3 faizdən çox artması real iqtisadiyyatın yüksələn xətlə inkişafının göstəricisidir.
Azərbaycan Prezidentinin həyata keçirdiyi iqtisadi islahatların nəticəsi olaraq 2023-cü ilin ilk 4 ayında büdcəyə əlavə olaraq 2 milyard 400 milyon manat vəsait daxil olub. Buna, ilk növbədə şəffaflığın təmin edilməsi, düşünülmüş daxili sərmayə yatırımı, səmərəli iqtisadi proqramların icrası və ən başlıcası isə şəffaflığın təmin olunması sahəsində nail olunub. Əlavə büdcə gəlirlərinin Qarabağın bərpasına, Zəngəzur dəhlizinin reallaşmasına yönəldilməsi də gələcək üçün investisiya hesab oluna bilər. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Zəngəzur dəhlizi Şərqlə Qərbi nəqliyyat baxımından birləşdirən beynəlxalq əhəmiyyətli iqtisadi layihədir. Avropa ilə Asiyanın ticarət dövriyyəsi məhz bu dəhlizin formalaşmasından asılı olacaq. Çindən Avropaya və əks istiqamətə daşınan yüklərin Azərbaycan ərazisindən keçməsi ölkəmizə yalnız iqtisadi dividendlər deyil, eyni zamanda, siyasi zəmanət də qazandıracaq.
Cari ilin 6 ayının sosial iqtisadi inkişafının yekunları bir daha təsdiq etdi ki, Azərbaycan tam müstəqil siyasi xətt tutaraq daim inkişafa doğru irəliləyir.