Ankarada Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunan rəsmi qəbul keçirilib
Ankara, 27 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 97-ci ildönümü münasibətilə ölkəmizin Ankaradakı səfirliyində rəsmi qəbul keçirilib.
Qəbulda Türkiyənin müdafiə naziri İsmət Yılmaz, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Yaşar Gülər və Türkiyə Hərbi Hava Qüvvələri Komandanı, ordu generalı Akın Öztürk daxil olmaqla bu ölkənin Silahlı Qüvvələrinin 41 generalı, deputatlar, tanınmış ictimai-siyasi xadimlər, görkəmli elm və incəsənət adamları, diaspor nümayəndələrimiz, dövlət qurumlarının, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Türkiyənin bir neçə sabiq səfirləri və aparıcı KİV mənsubları iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Azərbaycanın Türkiyədəki səfirliyinin hərbi attaşesi polkovnik İlyas İbrahimov Azərbaycan ordusunun tarixi və müasir inkişaf istiqamətləri barədə məlumat verib. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıdandan sonra ölkəmizdə ordu quruculuğu prosesinin yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdıran hərbi attaşe deyib ki, bu siyasətin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordularından birinə çevrilib. İ. İbrahimov Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin geri qaytarılması ilə bağlı Azərbaycanın qətiyyətli mövqeyi barədə iştirakçılara ətraflı məlumat verib.
Müdafiə naziri İsmət Yılmaz Azərbaycanın Türkiyənin Qafqazdakı strateji müttəfiqi olduğunu diqqətə çatdıraraq qeyd edib ki, hərbi sahədəki mövcud əməkdaşlıq iki ölkə arasındakı əlaqələrdə xüsusi yer tutmaqla yanaşı, regionda sülh və sabitliyin qorunması üçün mühüm amilə çevrilib.
Çıxışlardan sonra Türkiyə Prezidenti Administrasiyasının baş katibi Fahri Kasırga, inkişaf naziri Cevdet Yılmaz və deputat Necdet Ünüvar tərəfindən ünvanlanan təbrik məktubları oxunub.
Rəsmi hissədən sonra ziyafət verilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara