Araz çayında aparılan monitorinqlərin nəticələri suda yüksək çirklənmənin olduğunu göstərmişdir
Bakı, 24 noyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin Qazax və Beyləqan Analitik Tədqiqatlar laboratoriyaları tərəfindən noyabr ayının II ongünlüyü üçün Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədi ilə növbəti monitorinq keçirilmişdir.
Noyabr ayının II ongünlüyündə Kür çayında suyun sərfi noyabr ayının I ongünlüyünə nisbətən 75 kubmetr/saniyə azalaraq 113 kubmetr/saniyə təşkil etmişdir.
ETSN-dən AZƏRTAC-a verilən məlumata görə, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa Kür çayı və onun qollarına axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibində olan spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçmişdir.
Şıxlı-2 məntəqəsində fenol və mis birləşmələri 4, Ağstafaçay məntəqəsində fenollar 4, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 4, mis birləşmələri 2 dəfə YVQH-ni keçmişdir.
Araz çayında aparılan monitorinqlərin nəticələri isə suda yüksək çirklənmənin olduğunu göstərmişdir. Belə ki, Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, sənaye və dağ mədən müəssisələrinin çirkab sularının təsiri nəticəsində noyabr ayının II ongünlüyünün əvvəllərində mis birləşmələrinin konsentrasiyası normadan 3-4 dəfə çox olduğu halda, noyabrın 16-dan başlayaraq bu miqdarın 11-13 dəfəyə qədər yüksəldiyi müşahidə olunmuşdur. Bu müddət ərzində Araz çayında suyun sərfi orta illik sərfdən fərqli olaraq 17,2 kubmetr/saniyə təşkil etmişdir.
Horadiz və Bəhramtəpə məntəqələrində fenollar 2, mis birləşmələri 13, I Şahsevən məntəqəsində fenollar 2, mis birləşmələri 11 dəfə normadan artıq olmuşdur. Əvvəlki monitorinqlərin nəticələrindən fərqli olaraq, noyabr ayının II ongünlüyündə Araz çayında mis birləşmələrinin yüksək konsentrasiyası qeydə alınmışdır.
Vəziyyətlə bağlı nazirliyin Beyləqan Analitik Tədqiqatlar Laboratoriyası müşahidələrin sayını gündə 3 dəfəyə qədər artıraraq çirklənmənin vəziyyətini izləmişdir. Məlum olmuşdur ki, erməni tərəfi bütün çaylarda olduğu kimi, Araz çayında, onun Ermənistandan və işğal altında olan ərazilərdən axan qollarında da heç bir ekoloji normalara riayət etməmiş, əksinə, onları fövqəladə dərəcədə çirklənməyə məruz qoymuşdur. Məqsəd Azərbaycana, onun təbiətinə və əhalisinə mümkün qədər çox ziyan vurmaqdır.
ETSN hər gün müşahidə edilən ifrat çirklənmədən də dəfələrlə çox olan çirklənməni Qacaran mis mədənlərinin zəhərli tullantılarının əvvəllər də tez-tez baş verən bu kimi tullantı hovuzlarından Oxçuçaya bütövlükdə boşaldılması ilə izah edir.
Noyabrın 18-22-də aparılmış monitorinqlərin nəticələri isə çirklənmənin əvvəlki günlərə nisbətən bir qədər azaldığını göstərmişdir.
Hazırda Kür və Araz çaylarında çirklənmə vəziyyətinə nəzarət davam etdirilir.