Araz çayının Novruzlu məntəqəsində 20 sm artım qeydə alınıb
Bakı, 29 yanvar, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-160, Kiçik Qafqazın çaylarında 180-190, Lənkəran-Astara bölgəsi çaylarında isə 70-110 faizini təşkil edir.
Bu məlumatı AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən veriblər.
Qeyd olunur ki, yanvarın 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 116 m3/s olmaqla ongünlük normanın 74 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 81m3/s olmaqla, ongünlük normanın 121 faizini təşkil edir.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda 8, Salyanda və Araz çayının Novruzlu məntəqəsində 20 sm artım qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 486 sm, Şirvanda 375 sm, Salyanda 315 sm, Bankədə 239 sm, Araz çayının Novruzlu məntəqəsində isə 218 sm təşkil edir.