“AUDİT-AZƏRBAYCAN” BÖLMƏSİ DAXİLİ AUDİTORLARIN AVROPA KONFEDERASİYASINA ÜZV OLMUŞDUR
1982-ci ildən fəaliyyət göstərən həmin mötəbər qurum öz sıralarında Avropa iqtisadi zonası və Aralıq dənizi hövzəsi ölkələrinin daxili audit təsisatlarını birləşdirir. Konfederasiyanın əsas məqsədi öz üzvlərinin fəaliyyətini əlaqələndirmək və beynəlxalq peşə qurumlarında daxili auditorların mənafelərini müdafiə etmək, dövlət sektorunda və özəl bölmədə “Daxili audit standartları”nın və Daxili Auditorlar İnstitutunun Etika kodeksinin hərtərəfli tətbiqinə yardımçı olmaq, qabaqcıl peşə təcrübəsini yaymaq və inkişaf etdirmək, peşə standartlarının işlənib hazırlanması və tətbiqini dəstəkləmək, peşə-ixtisas hazırlığı üzrə tədbirlər kompleksi həyata keçirməkdir.
Konfederasiyanın baş məclisində “Audit-Azərbaycan” bölməsinin prezidenti, Auditorlar Palatasının sədri professor Vahid Novruzov çıxış edərək, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin davam etdirdiyi inkişaf və tərəqqi siyasətinin uğurları, açıq və informasiyalı cəmiyyət quruculuğu, dövlət idarəetməsinin, o cümlədən maliyyə nəzarətinin təkmilləşdirilməsi, iqtisadiyyatda maliyyə şəffaflığının təmin edilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər barədə məlumat vermiş, bu proseslərdə “Audit-Azərbaycan” bölməsi üzvlərinin iştirakından, ölkədə daxili auditin təşkili və tətbiqi təcrübəsindən danışmışdır.
Azərbaycan nümayəndəsinin çıxışı iclasın iştirakçıları tərəfindən maraqla dinlənilmiş və onlar Azərbaycan Respublikasının MDB ölkələri arasında birinci olaraq Avropa Daxili Audit İnstitutları Konfederasiyasında təmsilçiliyinə yekdilliklə tərəfdar çıxmışlar.
Baş məclisin iclasından əvvəl İstanbulda Avropa daxili auditorlarının “Risk, audit, idarəetmə” mövzusunda ikigünlük beynəlxalq konfransı keçirilmişdir. “Audit-Azərbaycan” bölməsinin nümayəndə heyəti konfransda iştirak etmişdir.