Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında ölkəmizi təmsil edəcək idmançılarla görüş olub
Bakı, 12 iyul, AZƏRTAC
Milli Olimpiya Komitəsində (MOK) Avropa Yeniyetmələrinin XVII Yay Olimpiya Festivalında Azərbaycanı təmsil edəcək idmançılarla görüş olub.
AZƏRTAC MOK-a istinadla xəbər verir ki, idmançılara uğurlar arzulayan qurumun vitse-prezidenti Çingiz Hüseynzadə yarışların əhəmiyyətini vurğulayıb.
Festivalda Azərbaycan komandasının missiya rəhbəri Vaqif Əliyev Sloveniyanın Maribor bölgəsində keçiriləcək yarış barədə tədbir iştirakçılarına məlumat verib. Vurğulanıb ki, festivalda 48 ölkədən idmanın 11 növündə 3600-a yaxın 14-18 yaşlı yeniyetmə idmançı iştirak edəcək. Yarışın rəsmi açılış mərasimi iyulun 23-nə, bağlanışı isə ayın 29-na təsadüf edəcək.
Azərbaycan idmançılarının festivalda atletika, tennis, üzgüçülük, velosiped (MTB), cüdo, gimnastika idman növlərində təmsil olunacaqlarını bildirən missiya rəhbəri Olimpiya kəndinə dair məlumatlarla yanaşı, tibbi xidmət, nəqliyyat və başqa texniki məsələlər haqda tədbir iştirakçılarına məlumat verib.
Daha sonra MOK-un beynəlxalq proqramlar idarəsinin əməkdaşı Ceyhun Rəhmanov Avropa Yeniyetmələrinin XVII Yay Olimpiya Festivalında OCEP məktəblilərinin iştirakından danışıb. Qeyd olunub ki, OCEP layihəsi çərçivəsində iştirakçılar üçün qurulacaq pavilyonda ölkəmizi Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin şagirdləri təmsil edəcək.
AMADA-nın təhsil proqramları üzrə meneceri Qüdrət Səfərov isə yeniyetmə idmançılara antidopinq istiqamətində mövcud qaydalardan, həmçinin onların hüquq və vəzifələrindən bəhs edib.
Sonda xatirə şəkli çəkdirilib.