CƏMİYYƏT
Azad edilmiş ərazilərdəki yeni binalar ən yüksək “yaşıl tikinti” standartlarına cavab verəcək
Bakı, 30 sentyabr, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilər müasir, dayanıqlı və sabit şəhər mühitinin yaradılması üçün böyük potensiala malikdir. Orada inşa edilən müasir yaşayış məntəqələri təkcə region üçün deyil, həm də bütün dünya üçün nümunə olacaq.
AZƏRTAC xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bu gün Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən "Şəhər Konteksti – Qurulmuş Ətraf Mühit, Risk və Davamlılıq" mövzusunda panel sessiyada deyib.
Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə şəhərlərin bərpası zamanı enerji səmərəliliyi məsələlərinə böyük diqqət yetirdiyini diqqətə çatdıran E.Hüseynov həmin ərazilərdəki yeni yaşayış və inzibati binaların ən yüksək “yaşıl tikinti” standartlarına cavab verəcəyini bildirib.