Azərbaycan ilə Qırğızıstan arasında bir sıra sahələrdə əməkdaşlıq müzakirə olunub
Bişkek, 4 aprel, AZƏRTAC
Qırğızıstan xarici işlər nazirinin müavini Askar Beşimov MDB Xarici İşlər Nazirləri Şurasının Bişkekdə keçirilən iclası çərçivəsində Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanovla görüşüb.
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrlə bağlı müzakirələr aparılıb. İkitərəfli və çoxtərəfli əməkdaşlığın daha da möhkəmlənməsinin önəmi qeyd edilib.
A.Beşimov 2014-cü ilin hər iki ölkənin həyatında uğurlu olduğunu, həmin il Qırğızıstan-Azərbaycan əlaqələrinin tarixində yaddaqalan hadisələr baş verdiyini, Bakıda Qırğızıstanın səfirliyinin açıldığını söyləyib.
Fəxrəddin Qurbanov Azərbaycanın Qırğızıstanla əməkdaşlığının qarşılıqlı etimada və hörmətə əsaslandığını söyləyib. Ölkəmizin Qırğızıstanla əlaqələrin daha da dərinləşdirilməsində maraqlı olduğu diqqətə çatdırılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek