Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 97-ci ildönümü Fransada qeyd edilib
Paris, 24 iyun, AZƏRTAC
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 97-ci ildönümü münasibətilə iyunun 23-də Fransada təntənəli mərasim keçirilib.
Azərbaycanın Fransadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Zəfər Tağında naməlum əsgərin məzarı önünə əklil qoyma mərasimi keçirilib.
Fransanın və Azərbaycanın dövlət bayraqlarının dalğalandığı və hərbi qarovulla müşayiət olunan tədbirdə bu ölkənin Müdafiə Nazirliyinin təmsilçiləri, Müharibə Veteranları Şurasının nümayəndələri, Zəfər Tağının idarə heyətinin üzvləri, Azərbaycanın Fransadakı səfirliyinin, ölkəmizin UNESCO yanındakı daimi nümayəndəliyinin əməkdaşları, bir qrup məktəbli iştirak ediblər.
Mərasimdə Fransa Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında Azərbaycanın və Fransanın dövlət himnləri səsləndirilib.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, UNESCO yanındakı daimi nümayəndəliyin rəhbəri Anar Kərimov və səfirliyin hərbi attaşesi Eldar İsmayılov hərbi marşın sədaları altında Azərbaycan Hökuməti adından naməlum əsgərin məzarı önünə əklil qoyublar.
Səfir E. Əmirbəyov Zəfər Tağının xatirə kitabına ürək sözlərini yazıb.
Sonra Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində rəsmi qəbul keçirilib. Qəbulda səfir Elçin Əmirbəyov, Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov və hərbi atteşe, polkovnik Eldar İsmayılov fransalı senatorları, deputatları, ölkənin yüksək çinli zabitlərini, Fransa hərbi şirkətlərinin əməkdaşlarını, ölkə ictimaiyyətinin nümayəndələrini və müharibə veteranlarını, 40-dan artıq ölkənin Parisdə akkreditə olunmuş hərbi attaşelərini, diasporumuzun təmsilçilərini salamlayıblar.
Tədbir Azərbaycan musiqisinin sədaları altında ziyafətlə davam etdirilib.