Azərbaycan və TDT məkanının strateji çəkisi: enerji və nəqliyyat bağlantılarının rolu - ŞƏRH VİDEO
Bakı, 18 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində enerji və nəqliyyat bağlantılarının əhəmiyyətinə dair mövqeyi daha geniş geoiqtisadi proseslər fonunda nəzərdən keçirilməlidir. Azərbaycanın coğrafi mövqeyi bu baxımdan xüsusi əhəmiyyət daşıyır: ölkə Mərkəzi Asiya ilə Cənubi Qafqazı, Türkiyə və Avropa bazarlarını birləşdirən əsas qovşaqlardan birində yerləşir. Prezident İlham Əliyev də Azərbaycanın coğrafiyasının yalnız infrastrukturla tamamlandıqda real strateji üstünlüyə çevrildiyini vurğulayıb və ölkənin Şərq–Qərb və Şimal–Cənub dəhlizlərində beynəlxalq nəqliyyat qovşağı kimi rolunu qeyd edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmaları Mərkəzinin (TDAM) rəhbəri İlyas Hüseynov AZƏRTAC-a açıqlamasında bildirib ki, bu baxımdan Orta Dəhliz Azərbaycanın və bütövlükdə TDT məkanının strateji əhəmiyyətini artıran əsas amillərdən biridir.
“Trans-Xəzər marşrutu Çin və Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa bazarları ilə əlaqələndirir. Dünya Bankının qiymətləndirməsinə görə, zəruri investisiyalar və səmərəlilik tədbirləri həyata keçirildiyi halda, Orta Dəhliz üzrə yükdaşımaların həcmi 2030-cu ilə qədər üç dəfə arta, daşınma müddəti isə yarıya qədər azala bilər. Dünya Bankı bununla yanaşı, dəhlizin yalnız Çin–Avropa tranzit xətti deyil, marşrut üzərində yerləşən ölkələr üçün regional ticarət və iqtisadi inkişaf platforması olduğunu xüsusi vurğulayır.
Azərbaycanın rolu burada sadəcə tranzit ərazisi olmaqdan daha genişdir. Ələt limanı, dəmir yolları, Bakı–Tbilisi–Qars xətti, avtomobil yolları, logistika mərkəzləri və gömrük infrastrukturu vahid bağlantı sisteminin elementləridir. Bu infrastrukturun inkişafı tranzit gəlirlərindən əlavə logistika, anbarlaşdırma, istehsal, sığorta, maliyyə və digər xidmət sahələrində əlavə iqtisadi dəyərin yaranmasına imkan verir. Beləliklə, Azərbaycan tədricən “tranzit ölkə” anlayışından regional logistika və ticarət qovşağı anlayışına doğru irəliləyir”,- deyə o qeyd edib.
Onun sözlərinə görə, bu proses TDT üçün də xüsusi əhəmiyyət daşıyır: “Təşkilata üzv və müşahidəçi dövlətlərin mühüm hissəsi Orta Dəhlizin müxtəlif seqmentlərində yerləşir. Buna görə nəqliyyat infrastrukturunun uyğunlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal sənədləşmə və sərhədlərarası məlumat mübadiləsi təkcə ayrı-ayrı ölkələrin nəqliyyat imkanlarını deyil, bütövlükdə TDT məkanının iqtisadi əlaqəliliyini gücləndirir.
Enerji bağlantıları isə bu prosesə ikinci strateji ölçü əlavə edir. Azərbaycan artıq neft və təbii qazın beynəlxalq bazarlara nəqlində mühüm infrastruktura malik ölkədir. Prezident İlham Əliyev 2026-cı ildə Azərbaycanın 16 ölkəyə boru kəmərləri vasitəsilə təbii qaz nəql etdiyini və ölkənin enerji infrastrukturu ilə yanaşı beynəlxalq əhəmiyyətli nəqliyyat infrastrukturuna da böyük sərmayələr yatırdığını bildirib.
Lakin gələcək əməkdaşlığın əhəmiyyəti yalnız ənənəvi enerji resursları ilə məhdudlaşmır. Azərbaycan, Qazaxıstan, Özbəkistan və digər TDT ölkələrinin bərpaolunan enerji potensialının qarşılıqlı bağlantılar vasitəsilə xarici bazarlara çıxarılması perspektivi regionun enerji xəritəsini dəyişə bilər. Bu halda Azərbaycan yalnız enerji ixrac edən ölkə deyil, Mərkəzi Asiyanın enerji resurslarını Avropa istiqamətinə bağlayan enerji və infrastruktur platformalarından biri kimi çıxış edə bilər”.
O vurğulayıb ki, burada nəqliyyat və enerjinin paralel inkişafı xüsusilə əhəmiyyətlidir.
“Əgər Orta Dəhliz fiziki malların Şərqdən Qərbə hərəkətini təmin edirsə, enerji interkonnektorları regionun elektrik və yaşıl enerji sistemlərini bir-birinə bağlaya bilər. Buna rəqəmsal bağlantılar da əlavə olunduqda daha geniş model formalaşır. Nəqliyyat, enerji və rəqəmsal infrastruktur istiqamətlərinin eyni coğrafiyada inkişafı TDT məkanının iqtisadi əlaqəliliyini əhəmiyyətli dərəcədə artıra bilər.
Bu prosesin digər mühüm nəticəsi təchizat zəncirlərinin şaxələndirilməsidir. Qlobal ticarətdə marşrutların diversifikasiyası getdikcə daha böyük əhəmiyyət qazanır.
Azərbaycanın bu sistemdə mövqeyi isə xüsusi xarakter daşıyır. Mərkəzi Asiya–Xəzər–Azərbaycan–Türkiyə–Avropa xəttinin mərkəzi həlqələrindən biri kimi Azərbaycan həm fiziki tranzitin, həm enerji axınlarının, həm də gələcək rəqəmsal və iqtisadi bağlantıların kəsişmə nöqtəsinə çevrilir. Buna görə enerji və nəqliyyat layihələrinin genişləndirilməsi ölkənin yalnız tranzit gəlirlərini artırmaq məsələsi deyil; Azərbaycanın regional iqtisadi inteqrasiyada rolunu, TDT məkanının əlaqəliliyini və onun qlobal təchizat zəncirlərində iştirak imkanlarını genişləndirən uzunmüddətli geoiqtisadi prosesdir”,- deyə o diqqətə çatdırıb.