Azərbaycanın Beynəlxalq Maliyyə Korporasiyası ilə əlaqələrinin inkişafı müzakirə olunub
Bakı, 12 iyul, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarovun Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa regionu üzrə dövlət-özəl tərəfdaşlığı proqramlarının rəhbəri Mehita Fanni ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə əməkdaşlığın prioritet istiqamətləri və perspektiv layihələr barədə müzakirə aparılıb, ölkəmizin IFC ilə əlaqələrin genişləndirilməsinə önəm verdiyi vurğulanıb. Həmçinin təşkilatın biznes mühitinin təkmilləşdirilməsi, dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsi kimi istiqamətlər üzrə ölkəmizdə reallaşdırılan layihələrə dəstəyinin əhəmiyyəti qeyd olunub.
Görüşdə Azərbaycanın sosial-iqtisadi hədəfləri, o cümlədən dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafı yönündə islahatlar, biznes mühitinin yaxşılaşdırılması, dövlət-özəl tərəfdaşlığı, azad olunmuş ərazilərimizdə reinteqrasiya tədbirləri və s. barədə məlumat verilib, IFC ilə tərəfdaşlığın gücləndirilməsi imkanlarının olduğu bildirilib.
Tərəflər əməkdaşlığın prioritet istiqamətləri, dövlət-özəl tərəfdaşlığının təşviqi sahəsində görülən işlər və perspektiv layihələr barədə müzakirə aparıblar.