“Azəryolservis” tərəfindən Bakı-Quba avtomobil yolunda 14 500 ədəd ağac əkilib
Bakı, 20 fevral, AZƏRTAC
Avtomobil yolları işçilərinin peşə bayramı münasibətilə “Azəryolservis” ASC-nin kollektivi tərəfindən bu dəfə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 62-65-ci kilometrlik ərazisində hər iki istiqamət üzrə olan mühafizə zolaqlarında ağacəkmə aksiyası keçirilib.
“Azəryolservis”dən AZƏRTAC-a bildirilib ki, tədbir ekoloji balansın bərpası, təbii mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi məqsədilə reallaşdırılıb.
“Azəryolservis” ASC-nin 150-ə yaxın işçisinin və 10 ədəd maşın-mexanizmin cəlb edildiyi aksiya zamanı 160 min kvadratmetr ərazidə 14 500 ədəd Eldar şamı, küknar, zeytun, çinar, iydə, nar, akasiya, qarağac və palıd əkilib.
Qeyd edək ki, “Azəryolservis” ASC-nin Yol Yaşıllaşdırma Məhdud Məsuliyyətli Cəmiyyətləri 1551 kilometr magistral və 1829 kilometr respublika əhəmiyyətli olmaqla, ümumilikdə 3380 kilometr avtomobil yolunun təhkim zolaqlarındakı yaşıllıqlara xidmət göstərir.
2015-ci il ərzində 254 min 894 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib. Hazırda avtomobil yollarının mühafizə zolağında 1 milyon 92 300 ədəd ağac və kol bitkisi mövcuddur.