Bakıda bərk məişət tullantılarının idarəçiliyi üzrə 20 illik inkişaf strategiyası hazırlanır
Bakı, 24 noyabr (AZƏRTAC). Noyabrın 24-də Bakıda bərk məişət tullantılarının idarəçiliyi üzrə inkişaf strategiyasının hazırlanması ilə bağlı təqdimat seminarı keçirilmişdir.
Sahibkarlığa Kömək Milli Fondunda keçirilən tədbirdə aidiyyəti dövlət qurumları, “Təmiz Şəhər” ASC, yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin, beynəlxalq təşkilatların, şirkətlərin, QHT-lərin təmsilçiləri və mütəxəssislər iştirak etmişlər.
“Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsinin idarəetmə qrupunun direktoru, İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Sahil Babayev, “Təmiz Şəhər” ASC-nin sədri Zakir İbrahimov və başqaları çıxış edərək bildirmişlər ki, layihə çərçivəsində strateji və sektorun yenidən qurulması üzrə məsləhət xidmətlərinin həyata keçirilməsi üçün Türkiyənin “Ekodenge” şirkəti ilə müqavilə imzalanmışdır. Bu xidmətlərə əsasən, “Ekodenge” şirkətinin beynəlxalq mütəxəssisləri tərəfindən 2 il müddətində Bakı şəhərində bərk məişət tullantılarının idarəçiliyi üzrə 20 illik inkişaf strategiyası hazırlanacaqdır.
Bundan başqa, Türkiyə şirkəti tərəfindən demoqrafik göstəricilərə əsasən tullantı miqdarının proqnozlaşdırılması, mövcud tullantı idarəçiliyi sistemi, tullantıların tərkibinin tədqiqi, institusional və maliyyə analizləri, tariflərin öyrənilməsi və hüquqi aspektlər üzrə analitik təhlillərin hazırlanması planlaşdırılır.
Vurğulanmışdır ki, Azərbaycan Hökuməti və Dünya Bankı arasında “Abşeronun Ekoloji Bərpası Proqramı” çərçivəsində “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi üzrə 2009-cu il mayın 20-də kredit sazişi imzalanmışdır. Layihənin icraçısı İqtisadi İnkişaf Nazirliyinin nəzdində yaradılmış Layihə İdarəetmə Qrupudur. Layihə Bakı şəhəri ərazisində bərk məişət tullantılarının idarə edilməsi sisteminin müasirləşdirilməsinə xidmət edir.
Seminarda “Ekodenge” şirkətinin mütəxəssisləri tərəfindən bərk məişət tullantılarının idarəçiliyi üzrə inkişaf strategiyasının hazırlanması metodologiyası təqdim olunmuş, institusional struktur, tullantıların toplanması və utilizasiyası, tullantıların emalı və yerləşdirilməsi, eləcə də ictimai maarifləndirmə mövzularında fikir mübadiləsi aparılmışdır.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2006-cı il 28 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”na müvafiq olaraq Bakı şəhərində bərk məişət tullantılarının idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə 5 illik layihənin həyata keçirilməsi nəzərdə tutulmuşdur.