Bakıda “Gənclər ekoloji inkişaf uğrunda” beynəlxalq elmi-praktiki konfransı öz işinə başlamışdır
Bakı, 11 noyabr (AZƏRTAC). Noyabrın 11-də “Ekologiya İli” çərçivəsində Bakıda “Gənclər ekoloji inkişaf uğrunda” beynəlxalq elmi-praktiki konfransı öz işinə başlamışdır.
Konfrans 2010-cu ilin BMT tərəfindən Beynəlxalq Gənclər İli elan edilməsi, bununla yanaşı, MDB üzvlərinin Gənclərlə İş üzrə Şurasının cari il üçün nəzərdə tutulmuş planına müvafiq olaraq Azərbaycan Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, AMEA və BMT-nin Uşaq Fondunun (UNİCEF) təşəbbüsü ilə keçirilir.
Konfransda ABŞ, Almaniya, Avstriya, İsveçrə, Qazaxıstan, Pakistan, Rusiya, Tacikistan, Türkiyə və başqa ölkələrdən olan gənc alimlər, tədqiqatçılar iştirak edirlər.
Tədbirin açılışında iştirak edən gənclər və idman nazirinin müavini İntiqam Babayev konfransın əhəmiyyətindən danışaraq bildirmişdir ki, məqsəd davamlı inkişaf və sağlam ətraf mühit uğrunda tədbirlərin həyata keçirilməsində gənc alim, ekspert, mütəxəssis, iş adamları, ictimai təşkilatlar və KİV nümayəndələrinin iştirakını təmin etmək və onları bu işə həvəsləndirməkdir. Ekologiyanı məhdud çərçivəli elm və fəaliyyət kimi müəyyənləşdirməyin düzgün olmadığını deyən nazir müavini ekologiyanın hər bir vətəndaşa aidiyyatı olduğunu vurğulamışdır.
Azərbaycan ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov qeyd etmişdir ki, son illər dünyada iqtisadiyyatın sürətli inkişafı xeyli ekoloji problemlər yaratmışdır. Bu problemlərin qarşısının alınması region və dünya əhalisinin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda ətraf mühitin qorunması, ekoloji problemlərlə mübarizə istiqamətində dövlət səviyyəsində işlər aparılır. 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan edilməsi bunun bariz nümunəsidir.
UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard konfransda gənclərin fəal iştirakını, ekoloji problemlərin həllini birgə axtarmalarını çox sevindirici hal kimi qiymətləndirmişdir.
Qeyd edək ki, 2 gün davam edəcək konfransın proqramına plenar iclas, ekoloji hüquq və təhlükəsizlik, elmdə ekoloji innovasiyalar, ekoloji təhsil və maarifləndirmə, ekoloji təfəkkürün formalaşması, cəmiyyət seksiyalarında məruzə, müzakirələr, konfransın yekun qətnaməsinin qəbul olunması, alimlərin və ekspertlərin şagirdlər və tələbələr üçün mühazirələr oxuması daxildir.
Konfrans öz işini noyabrın 12-də davam etdirəcəkdir.
######
