Balakənə turist axını artmışdır
Balakən, 9 sentyabr (AZƏRTAC). Balakən rayonuna gələn turistlərin sayı ildən-ilə artır.
Əgər 2011-ci ildə rayona il ərzində 9 min turist gəlmişdisə, cari ilin 8 ayında bu göstərici 14 mini ötmüşdür. Gələnlərin 427 nəfərini xarici turistlər təşkil etmişdir.
Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Ruqiyyə Seyidova AZƏRTAC-a bildirmişdir ki, Balakənin zəngin flora və faunası turizmin inkişafı üçün əlverişli perspektivlər açır. Rayon ərazisində turistlərin və rayona gələn qonaqların maraqlı istirahət mənbəyi ola biləcək əvəzsiz təbiət guşələri və tarixi abidələr mövcuddur.
Balakən şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında əhaliyə, eləcə də turistlərə yüksək səviyyədə mədəni xidmət göstərilir. Parkda uşaq, yeniyetmə və gənclərin, ahılların mənalı istirahət etmələri üçün hər cür şərait yaradılmış, attraksionlar quraşdırılmışdır. Burada uzunluğu 1200 metr olan kanat yolu da fəaliyyət göstərir. Parkın ərazisindəki 132 yerlik 4 ulduzlu “Qubek” oteli 2010-cu ildən turistlərin istifadəsinə verilmişdir.
Mədəniyyət və Turizm Nazirliyi kollegiyasının qərarı ilə Balakən rayonu 4 nömrəli turizm marşrutuna daxil edilmişdir. Rayonda 12 turizm marşrutu və rekreasiya zonaları müəyyənləşdirilmişdir. Turizm müəssisələrində, otel və mehmanxanalarda çalışanların peşə hazırlığını artırmaq məqsədilə işçilərin ixtisaslaşdırılmış treninqlərdə iştirakı təmin edilmişdir.
Rayonda əsasən idman və yaşıl kənd turizmi inkişaf etməkdədir. Balakənə gələn turistlərin əksəriyyəti bu növlərə daha çox üstünlük verirlər. Bundan əlavə, Balakəndə dağ, atçılıq, balıqçılıq, ovçuluq, mədəni turizm də inkişaf etdirilir.
Rayonda milli adət-ənənələrə uyğun mövcud sənətkarlıq nümunələrini nümayiş etdirən və satışını təşkil edən “Sənətkarlar evi” də fəaliyyət göstərir.