“Bərdə ticarət ” ASC-yə məxsus ərzaq məhsullarının topdan vəpərakəndə satışı bazarında nöqsanlar aşkarlanıb
Bakı, 6 fevral, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bərdə şəhərinin Ü.Hacıbəyli küçəsində fəaliyyət göstərən “Bərdə ticarət” ASC-yə məxsus ərzaq məhsullarının topdan və pərakəndə satışı bazarında yoxlama keçirilib.
Yoxlama zamanı bazarda satışa çıxarılan heyvan mənşəli məhsulların və onlardan emal olunmuş məhsullara dair müvafiq müşayiətedici sənədlərin olmadığı, baytarlıq ekspertizasından keçmədən satışa çıxarıldığı, o cümlədən realizə edilmiş turşular da daxil olmaqla həmin məhsulların mənşəyinin məlum olmadığı, satışa çıxarılan balıqların birbaşa asfalt örtüyü üzərinə yığıldığı, həmçinin qida təhlükəsizliyi sahəsində normativ texniki sənədlərin tələblərinə əməl edilmədiyi məlum olub. Ərzaq satışı müəssisəsində yararlılıq müddəti bitmiş qida məhsulları satışdan çıxarılaraq məhv edilib.
Bazarda çalışan, xüsusilə də qida məhsulları ilə təmasda olan işçilərin sanitar geyimlərdən istifadə etmədiyi, habelə ilkin və dövri olaraq tibbi müayinələrdən keçmədiyi aşkar edilib. Satışa çıxarılmış mənşəyi məlum olmayan nehrə yağından nümunələr götürülərək müayinələr aparılması üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Aşkar olunmuş faktlarla əlaqədar qanunvericiliyə uyğun tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.