Oktyabrın 30-da Bakıda “MDB ölkələrində biotibbi tədqiqatlar zamanı insan hüquqlarının müdafiəsi və dərmanların müyəssərliyi” mövzusunda beynəlxalq konfrans başa çatmışdır. Konfransı MDB ölkələrinin etika komitələri Forumu və MDB sosial siyasət və insan hüquqları beynəlxalq komissiyasının daimi komissiyası Dünya Səhiyyə Təşkilatı, BMT İnkişaf Proqramı və Avropa Komissiyası ilə əməkdaşlıq şəraitində, Səhiyyə Nazirliyinin və bioetika, elm və texnologiya etikası üzrə Azərbaycan Milli Komitəsinin dəstəyi ilə təşkil olunmuşdur. Konfransın yekunlarına görə qətnamə qəbul edilmişdir. Sənəddə MDB Parlamentlərarası Assambleyasının “Biotibbi tədqiqatlarda insan hüquqlarının və ləyaqətinin müdafiəsi haqqında” model qanununun layihəsi əsas kimi qəbul olunur, onun müddəalarının MDB ölkələrində milli səviyyədə həyata keçirilməsinə dair əlavə tədbirlər görülməsi tövsiyə edilir.
Bioetika, elm və texnologiyalar etikası üzrə Milli Komitənin sədrinin müavini professor Rövşən Mustafayev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Azərbaycan tərəfinin təşəbbüsü ilə qətnaməyə beynəlxalq hüququn yurisdiksiyasında olmayan ərazilərdə biotibbi tədqiqatların və klinik sınaqların aparılmasına qarşı mübarizədə MDB ölkələrinin səylərinin birləşdirilməsi və MDB ölkələrinin ali məktəblərində bioetika kursunun keçilməsi haqqında müddəalar daxil edilmişdir.