Birinci yarımildə respublikada 24 milyard kubmetrdən çox qaz hasil edilib
Bakı, 12 iyul, AZƏRTAC
Cari ilin yanvar-iyun ayları üzrə operativ məlumatlara əsasən, 6 ay ərzində ölkədə 24,1 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 6,5 milyard kubmetri AÇG-dən, 13,2 milyard kubmetri “Şahdəniz”dən, 4,4 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən qaz hasilatında təqribən 0,7 milyard kubmetr, yəni təqribən 3 faiz artım qeydə alınıb.
Energetika Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hesabat dövründə xaricə qaz satışı təxminən 12 milyard kubmetr təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 7,5 faiz çoxdur. Cari ilin yanvar-iyun aylarında Türkiyəyə təqribən 5 milyard kubmetr, Avropaya təqribən 5,7 milyard kubmetr, Gürcüstana isə 1,3 milyard kubmetr qaz satılıb. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 2,8 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 iyul 2023-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 209,9 milyard kubmetr, “Şahdəniz”dən isə 195,9 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 138,1 milyard kubmetrə yaxını ixrac olunub.
6 ay ərzində ölkədə təxminən 15,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 9,1 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,2 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,9 milyon ton təşkil edib.
Hesabat dövründə təxminən 12,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 11,3 milyon tonu konsorsiumun, 1,4 milyon tonu isə SOCAR-ın payına düşür.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 iyul 2023-cü il tarixinədək 618,4 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 576 milyon ton neft, “Şahdəniz”dən isə təqribən 42,4 milyon tona yaxın kondensat çıxarılıb. İyulun 1-dək bunun təqribən 616,5 milyon tonu ixrac olunub.
Cari ilin yanvar-iyun aylarında ölkədə neftin emalı 3,1 milyon ton təşkil edib.