Budapeştin məşhur Zəncirli Körpüsündən yalnız avtobus və taksilər istifadə edəcək
Budapeşt, 12 iyul, AZƏRTAC
Macarıstan paytaxtının görməli yerlərindən biri, onun məşhur Zəncirli Körpüsündən, çox güman ki, yalnız avtobuslar, taksilər, velosipedçilər və piyadalar üçün istifadə olunacaq.
AZƏRTAC xəbər verir ki, paytaxt meriyası tərəfindən keçirilən onlayn bələdiyyə sorğusunun iştirakçıları körpüdən yalnız qeyd olunmuş nəqliyyat növləri üçün istifadə olunmasına icazə verilməsi və mövcud yol hərəkəti qaydalarının qorunub saxlanılması lehinə çıxış ediblər.
Bu barədə mer Qerqey Karaçon feysbukdakı səhifəsində məlumat yayıb və əlavə edib ki, şəxsi avtomobillər körpüdən keçə bilməyəcək.
Meriyanın suallarını cavablandıranların təxminən 80 faizi körpüdə “məhdud hərəkət”in saxlanması və körpünün yenidən qurulması başa çatdıqdan sonra şəxsi avtomobillərin hərəkətinə icazə verilməməsi barədə razılığa gəliblər. Şəhər meri Budapeşt yol təşkilatları ilə danışıqlara davam edəcəyini də qeyd edib. “Budapeşt sakinləri dəqiq qərar veriblər və bu qərarı şəhər rəhbərliyi ilə bölüşüblər: biz avtomobilləri körpüyə qaytarmaq istəmirik”, - deyə Qerqey Karaçon vurğulayıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt