Deputat: Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin açılması tarixi hadisədir
Bakı, 24 aprel, AZƏRTAC
Sülh şəraitində və birgəyaşayış kimi yaşam tərzi Ermənistan dövləti üçün xarakterik deyil. Ermənistan cəmiyyətinə adi müşahidə kifayət edir ki, bu danılmaz həqiqətin real olduğunu görəsən. Öz xalqına olan sevgisini digərlərinə nifrət üzərində qurmaq, ksenofobiyanın yaratdığı ifrat təzahürlər bu ölkənin dövlət siyasətinin tərkib hissəsidir. Təsadüfi deyil ki, bu nifrətin davamı kimi Ermənistan dünyada yeganə monoetnik dövlətə çevrilib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib. Deputat bildirib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır, lakin separatçılar ciddi şəkildə buna mane olurlar. Sülh danışıqları gündəmə gəlincə, sərhəddə Ermənistanın siyasi-hərbi hakimiyyətinin birbaşa tapşırığı ilə təxribatlarla qarşılaşırıq. Götürdüyü öhdəliklərin heç birini yerinə yetirməyən Ermənistandan fərqli olaraq Azərbaycanın açdığı humanitar dəhlizdən rəsmi İrəvan öz çirkin məqsədləri üçün istifadə etməklə davamlı şəkildə gərginlik yaradır. Bununla yanaşı, mina terroru, ərazilərimizdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı erməni vəhşiliyinin mahiyyətini göstərir. Bütün bunların fonunda rəsmi Bakının Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan - Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsini təsis etməsində qeyri-adi heç nə yoxdur.
Birincisi, bu, ölkəmizin suveren hüququdur. İkincisi, rəsmi Bakının bu qərarı sülh prosesinə töhfə vermiş olacaq. Ermənilər başa düşməli və anlamalıdırlar ki, 44 günlük Qarabağ müharibəsində bütün cəbhə boyu müzəffər ordumuz Ermənistan silahlı qüvvələrinin qalıqlarını məhv etmək qüdrətində idi. Ölkəmiz üçtərəfli Bəyanata imza atmaqla sülhə sədaqətini nümayiş etdirdi və indiyə qədər Bəyanatın bütün müddəalarına əməl edib. Ermənistan da üçtərəfli Bəyanata və digər beynəlxalq öhdəliklərə əməl etməyə borcludur.
Deputat sonda qeyd edib ki, Ermənistan hakimiyyətinin və parlamentinin spikeri Alen Simonyanın hay-həşiri başadüşüləndir. Çünki sərhəd-buraxılış məntəqəsini açmaqla Azərbaycan separatçı, başıpozuq birləşmələrin silahlanmasını və digər çirkin niyyətləri məhdudlaşdırmış oldu.
Bu mənada Azərbaycan sərhəd qoşunlarının Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin açılması tarixi hadisədir.
Bu qərarın icrasını təhdid sevməyən Azərbaycan ordusu həyata keçirəcək, düşünürəm ki, qarşı tərəf bunun fərqində olmalıdır.