Dmitri Kuleba: İlk “F-16” qırıcıları gələn il martın sonunadək Ukrayna səmasında uçmalıdırlar
Kiyev, 13 iyul, AZƏRTAC
Təqvimə əsasən, ilk “F-16” qırıcıları 2024-cü ilin mart ayının sonuna qədər Ukrayna səmasında uçmalıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Azadlıq” radiosuna müsahibəsində məlumat verib.
Nazir qeyd edib ki, “F-16” qırıcılarının Ukraynaya verilməsi çətin texniki məsələlərlə bağlıdır.
Kuleba bildirib ki, təlimlər avqustda, bəlkə də sentyabrın əvvəlində başlamalıdır. Paralel olaraq, təyyarələrin təhvil verilməsi üçün zəruri olan hüquqi qərarların hazırlanması davam etdiriləcək.
“Düşünürəm ki, əgər gələn ilin birinci rübünün sonuna qədər ilk “F-16”lar Ukrayna havasında ukraynalı pilotların nəzarəti altında uçacaqsa, o zaman bu, qrafikə uyğun olacaq”, - deyə Kuleba vurğulayıb.
Onun sözlərinə görə, çoxlu nüanslar var, ona görə də qrafik dəyişə bilər.
“Amma indi NATO-nun Vilnüs Sammitində müdafiə naziri çox fəal işləyir. Biz bu prosesi mümkün qədər sürətləndirmək üçün birlikdə hər şeyi edirik", - nazir qeyd edib.
Xatırladaq ki, müttəfiqlər müasir qırıcıların, xüsusən də “F-16”nın Ukraynaya təhvil verilməsi üçün aviasiya koalisiyasının yaradıldığını elan ediblər. Koalisiyaya Niderland və Danimarka başçılıq edir və onlar ukraynalı pilotlara təlim keçmək niyyətində olduqlarını bəyan ediblər. Bu ölkələrdə xüsusi aviasiya simulyatorları var. Eyni zamanda, digər ölkələr, xüsusilə Britaniya və Fransa da ukraynalı pilotlara təlim keçəcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev