Dövlət Komissiyası: “802” qaynar xəttinə narkotik vasitələrlə bağlı 652 vətəndaş müraciət edib
Bakı, 12 iyul, AZƏRTAC
Bu il yanvar-iyun ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 652 vətəndaş müraciəti daxil olub. Onların 88-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 228-i narkotik asılılıqdan müalicə, 336-sı isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 316 məktub ünvanlanıb.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib. Bildirilib ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb. Qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.