ƏDALƏT MÜHAKİMƏSİNİN SƏMƏRƏLİLİYİ DİQQƏT MƏRKƏZİNDƏDİR
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə qərarlarının icrasının əhəmiyyəti nəzərə alınaraq, bu sahəyə xüsusi diqqət yetirilmiş, yeni qanunvericilik bazası yaradılmış, Ədliyyə Nazirliyində məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidməti formalaşdırılmış, beynəlxalq təşkilatlarla, xüsusilə Avropa Şurası ilə səmərəli əlaqələr qurulmuşdur.
Bu günlərdə Ədliyyə Nazirliyi tərəfindən Avropa Şurası ilə birgə beynəlxalq təşkilatların təmsilçilərinin, habelə ölkəmizin məhkəmə icraçılarının və hakimlərin iştirakı ilə mülki və idtisadi işlər üzrə məhkəmə qərarlarının icrası mövzusunda iki günlük seminar keçirilmişdir.
Ölkələrimizin ədliyyə sahəsində sıx əməkdaşlığı nəzərə alınaraq, seminara Türkiyə Ədliyyə Nazirliyinin nümayəndəsi də dəvət olunmuşdur.
Tədbirin ilk günü qonaqlar Fəxri xiyabanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etmiş, seminarın açılışında rəhbərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasında və möhkəmləndirilməsində, demokratik hüquqi islahatların həyata keçirilməsində onun müstəsna xidmətləri haqqında geniş söhbət aparılmışdır.
Avropa Şurası Hüquqi İşlər üzrə Baş Direktorluğunun əməkdaşı F.Biju-Düvalin, ekspertlər - Paris Kassasiya Məhkəməsinin müşaviri Toni Moussun, Belçikanın Məhkəmə İcraçıları Palatasının fəxri prezidenti A.Briersin iştirak etdiyi seminarda məhkəmə qərarlarının icrası sahəsində Avropa ölkələrinin, xüsusilə Fransa və Belçikanın təcrübəsi haqqında ətraflı məlumat verilmiş, məhkəmə icraçılarının səlahiyyətləri, onların məsuliyyəti, təhsili və digər mövzular üzrə çıxışlar edilmiş, səmərəli müzakirələr, təcrübə və fikir mübadiləsi aparılmışdır.
Səfər çərçivəsində qonaqlar, məhkəmə icraçıları xidməti yerli qurumlarının fəaliyyəti ilə tanış olmuşlar.
Tədbirin sonunda qonaqlar ədliyyə nazirinin müavini Toğrul Musayev ilə görüşmüş seminarın əhəmiyyəti və belə tədbirlərin keçirilməsinə qarşılıqlı önəm verildiyi vurğulanmış, Azərbaycanda aparılmış məhkəmə-hüquq islahatının müsbət nəticələri yüksək dəyərləndirilmişdir.