SİYASƏT
Ermənistanla sərhəddə sərhəd-buraxılış məntəqəsinin qurulması önəmli strateji qələbəmizdir - Politoloq
Bakı, 24 aprel, AZƏRTAC
Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması həm Ermənistan, həm də onun işğalçılıq siyasətini himayə edən siyasi dairələr üzərində kifayət qədər önəmli strateji qələbəmizdir.
Bunu AZƏRTAC-a açıqlamasında politoloq, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Aytən Qurbanova söyləyib.
Politoloq vurğulayıb ki, bu, Azərbaycanın bütün suveren əraziləri üzərində nəzarətinin tam və qeyd-şərtsiz bərpa olunması deməkdir. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün azad edilməsi ilə başlayan proses Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin qurulması ilə uğurlu şəkildə yekunlaşmış oldu. Yəni, beynəlxalq hüququn hər bir müstəqil dövlətə şamil etdiyi təbii haqq nəhayət ki, bizim üçün də bərqərar edildi.
"Heç şübhəsiz, bu Qələbəmizin memarı milli maraqlarımızın müdafiəsi uğrunda bütün cəbhələrdəki mübarizəmizə rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir. Hər sözü imzaya bərabər olan dövlətimizin başçısının hər bir bəyanatının arxasında qətiyyətli mövqe və siyasi iradənin dayandığını artıq bütün dünya dövlətləri qəbul etməyə məcburdur. Xatırlayırıqsa, Prezident İlham Əliyev çox qısa müddət əvvəl - Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş görüşlər zamanı nəzarət-keçid məntəqəsinin yaradılmasını təklif etmişdi. Unutmayaq ki, dövlətimizin başçısı bu günə qədər heç bir sözü vaxtından əvvəl səsləndirməyib. Ona görə də bu təklif artıq həmin addımın atılması üçün tarixi şəraitin formalaşdığını göstərən bəyanat idi və o addım atıldı", - deyə Aytən Qurbanova qeyd edib.
Proseslərin artıq daha sürətli şəkildə cərəyan etdiyini istisna etməyən politoloq diqqətə çatdırıb: “Çünki sərhəd-keçid məntəqəsinin qurulması nəticəsində Ermənistan tərəfinin bütün siyasi manevr imkanları zərərsizləşdiriləcək, təxribatların qarşısı alınacaq. Eyni zamanda, bu addımın sülh gündəliyindəki ümumi məsələlərə, xüsusilə də Qarabağdakı erməni icmasının reinteqrasiyası prosesinə töhfə verməsini gözləmək olar. Bu da özlüyündə sülh müqaviləsinin imzalanmasını artıq Ermənistan üçün labüd edən əsas amil kimi qiymətləndirilməlidir".