FRANSADA YƏHUDİ QƏBİRİSTANLIĞI TƏHQİR EDİLMİŞDİR
Ölkənin daxili işlər naziri Dominik de Vilpən dərhal bu məsələyə münasibətini bildirərək baş vermiş hadisəni pisləmişdir.
Fransa rəsmiləri Alzas rayonunda baş vermiş vandalizm hərəkətini fransız və yəhudi xalqları arasında mövcud dostluq münasibətlərini pozmaq cəhdi kimi qiymətləndirmişlər. Ölkənin prezidenti Jak Şirak baş nazirdən bütün zəruri imkanlardan istifadə etməklə yəhudi qəbiristanlığına qarşı növbəti antisemitizm hərəkəti törədənlərin tezliklə tapılıb hüquq orqanlarının mühakiməsinə verilməsini tələb etmişdir.
Xatırladaq ki, son altı ayda bu, yəhudi qəbiristanlığına qarşı törədilmiş üçüncü hadisədir. Bundan əvvəl Herrlişeym və Saverndəki yəhudi qəbiristanlıqları təhqirə məruz qalmışdır.