Gədəbəy sakinindən hədə-qorxu ilə pul tələb edən şəxs tutulub
Bakı, 5 fevral, AZƏRTAC
Gədəbəy sakinini hədələyərək pul tələb edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Gədəbəy Rayon Polis Şöbəsinə müraciət edən şəxs yanvarın 21-dən fevralın 3-dək olan müddətdə bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 2000 manat məbləğində pul tələb etdiyini, verməyəcəyi təqdirdə onu tüfənglə öldürəcəyini bildirib.
Hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluq və xuliqanlığa görə məhkum olunmuş R.Bayramov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb. Axtarış zamanı onun üzərindən marixuana aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 490 qram marixuana, 233 çətənə toxumu, bir tərəzi, lüləsi və qundağı kəsilmiş “İJ-K” markalı tüfəng götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanıb, araşdırmalar aparılır.