“Gələcəyin mühəndisi -1” olimpiadasının Mingəçevirdən olan qalibləri mükafatlandırılıb
Bakı, 28 iyul, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) keçirdiyi “Gələcəyin mühəndisi -1” onlayn olimpiadasının Mingəçevirdən olan qalibləri mükafatlandırılıb.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, Mingəçevir Dövlət Universitetində keçirilən tədbirdə MDU-nun rektoru Şahin Bayramov olimpiada haqqında məlumat verib və AzTU-nun rektoru Vilayət Vəliyevin təbrikini gənclərə çatdırıb. O, iki universitet arasında əməkdaşlığın inkişafından söz açıb. Ş.Bayramov son dövrlərdə gənclərin mühəndislik peşəsinə marağının artmasını, innovativ düşüncələrinin inkişafını xüsusi qeyd edib.
Daha sonra rektor olimpiadanın ikinci yer üzrə qaliblərini - Mingəçevir Şəhəri Texniki Humanitar Liseyin XI sinif şagirdi Səlim Hacıyev, Mingəçevir 10 nömrəli tam orta məktəbin XI sinif şagirdi Ruslan Əliyev və IV yerin sahibi Mingəçevir 3 nömrəli tam orta məktəbin XI sinif şagirdi Aysel Məmmədovaya diplom və hədiyyələri təqdim edib.
AzTU və MDU arasında əməkdaşlığın növbəti uğuru kimi hər iki rektorun imzası ilə MDU tələbəsi Günay Nəsibova fəxri fərman və hədiyyə ilə mükafatlandırılıb.
Xatırladaq ki, “Gələcəyin mühəndisi -1” onlayn olimpiadası AzTU-da mayın 1-3-də keçirilib.