Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi istiqamətində tədbirlər davam edir
Bakı, 5 fevral, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “COVID-19 pandemiyası dövründə gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda Aran zonası üzrə onlayn seminar-müşavirə keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov, Daxili İşlər Nazirliyinin Narkotiklərə Qarşı Mübarizə Baş İdarəsinin rəisi İslam Hümbətov, Narkoloji dispanserin baş həkimi Orxan Cəfərov, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdirinin müavini Ülkər Camalova çıxış edərək gəncləri bu sahədə məlumatlandırıblar.
Aran zonası üzrə gənclər və idman idarələrinin rəisləri və fəal gənclərin də iştirak etdikləri tədbirdə narkomanlığa qarşı mübarizənin gücləndirilməsi istiqamətində görülmüş işlərdən danışılıb, gələcəkdə atılması nəzərdə tutulan addımlar müzakirə olunub.
Tədbir “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə keçirilib.
Layihə çərçivəsində Aran zonası ilə yanaşı, Cənub (12 fevral), Quba-Xaçmaz (16 fevral), Şəki-Zaqatala (19 fevral), Gəncə-Qazax (23 fevral) zonaları üzrə tədbirlər keçiriləcək. Mart ayında isə layihə Abşeron və Dağlıq Şirvan (2 mart), Qarabağ (9 mart), Naxçıvan Muxtar Respublikası (12 mart) və Bakıda (15 mart) reallaşdırılacaq.