Gənclər süni intellektin gələcək peşə seçimlərinə təsiri barədə maarifləndirilib
Qəbələ, 22 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
“#CareerLAB” şəbəkəsi layihəsi çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Süni intellekt gənclər üçün hansı gələcəyi vəd edir?” mövzusunda təlim keçirilib.
Peşə Təhsil Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, panel müzakirələr zamanı spikerlər – “Mountain Resort Gabala” MMC-nin direktoru Emil Mürşüdzadə, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru, təlimçi Nərmin Cabbarlı, “Qəbələ Psixoloji Yaşam Mərkəzi”nin direktoru Hüseyn Kərimov və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin informasiya texnologiyaları üzrə mütəxəssisi Sahil Yusibov gənclərə mövzu ilə bağlı ətraflı məlumat veriblər. Süni intellektin gələcək peşə seçimlərinə təsiri, süni intellektlə erkən yaşda tanışlığın uşaqlara təsiri, gənclərin psixologiyasına müsbət və mənfi təsirlər, kibertəhlükəsizlik və süni intellektin yaratdığı risklər təlimin əsas müzakirə mövzusu olub.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb, interaktiv fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, layihə Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Gənclər Fondu və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilib.