“Gəncliyimiz gələcəyimizdir” mövzusunda videokonfrans keçirilib
Bakı, 5 fevral, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi “Gəncliyimiz gələcəyimizdir” mövzusunda videokonfrans keçirib.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədr əvəzi, Milli Məclisin deputatı Ramin Məmmədov ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin həyata keçirildiyini vurğulayıb. O deyib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
R.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyev gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə ardıcıl olaraq tədbirlər həyata keçirir. “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, eləcə də “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı bu məqsədlərin reallaşması üçün vacib sənədlərdir. O, diqqətə çatdırıb ki, ən mühüm hadisələrdən biri ötən il 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunmasıdır. Bu müharibədə misilsiz qəhrəmanlıq nümunələri göstərən gənclərimiz yüksək vətənpərvərlik ruhunda formalaşdığını sübut ediblər.
YAP-ın gənclərin inkişafı istiqamətində müxtəlif layihələr həyata keçirdiyini deyən R.Məmmədov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə partiyamızın üzvü olan çoxsaylı gənclərin də iştirak etdiyini xüsusi vurğulayıb. O, bu müqəddəs mübarizədə canlarını qurban vermiş şəhidlər arasında partiyamızın üzvü olan gənclərin olduğunu diqqətə çatdırıb. Azərbaycan xalqının bütün şəhidlərimizin əziz xatirəsini daim uca tutduğunu bildirib. Həmçinin YAP Gənclər Birliyinin ötən il çoxsaylı tədbirlər keçirdiyini qeyd edib.
Sonra YAP Gənclər Birliyinin 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş videoçarxın təqdimatı olub.
Tədbirdə çıxış edən Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov bildirib ki, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. O deyib ki, gənclər hər zaman dövlətin diqqətini, xüsusilə Prezident İlham Əliyevin dəstəyini hiss edirlər. Azərbaycan gəncləri 44 günlük Vətən müharibəsi zamanı da olduqca böyük qəhrəmanlıq göstəriblər. Məhz Ali Baş Komandanın rəhbərliyi və Azərbaycanın gənc əsgərlərinin şücaəti nəticəsində torpaqlarımız işğaldan azad olunub. Prezident İlham Əliyev də müharibə zamanı gənclərimizin döyüşlərdə göstərdikləri şücaətdən geniş danışıb, onların Vətən uğrunda fədakarlıqlarını yüksək qiymətləndirib.
Milli Məclisin deputatı Vüqar İskəndərov da çıxışında gənclərin ölkəmizin inkişafındakı rolunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan gəncliyi bundan sonrakı dövrdə də Azərbaycanının inkişafı üçün əlindən gələni edəcək və Prezident İlham Əliyevin ətrafında daha sıx birləşəcək. Onun sözlərinə görə, işğal altında olan torpaqlarımızın azad olunmasında iştirak edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyevin idarəçiliyinin yetirmələridir.
Tədbirdə, həmçinin YAP Ağdaş rayon təşkilatı Gənclər Birliyinin fəal üzvü, Zəngilan, Qubadlı və Cəbrayıl uğrunda döyüşlərin iştirakçısı Tahir Umudov, YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin üzvü Günay Vəlizadə, YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin üzvü Aygün Kazımova və YAP Xızı rayon təşkilatı Gənclər Birliyin sədri İman Ağayev çıxış ediblər.
Sonda YAP Gənclər Birliyinin fəalı, muğam ifaçısı Yusif Cəfərbəylinin ifasında “Xudayar təsnifi” dinlənilib.