Getdikcə daha çox litvalı Azərbaycana gəlir
Vilnüs, 14 avqust (AZƏRTAC). Azərbaycan getdikcə daha çox litvalını cəlb edir. Bu ölkəyə səfərə 10 saatdan çox vaxt tələb edildiyinə, birbaşa aviareysin olmadığına, viza lazım gəldiyinə baxmayaraq, bu problemlər Azərbaycanla tanış olmaq istəyənləri qorxutmur. Vilnüs aeroportunun məlumatına görə, artıq Litvanın 1387 sakini bu Cənubi Qafqaz ölkəsində olmuşdur.
Azərbaycanda olmuş Litva sakinlərinin əksəriyyəti Ukraynanın paytaxtı Kiyev şəhərindən tranzit kimi istifadə etməklə Bakıya gəlmişdir. Litvalıların bir hissəsi (28 faizi) təyyarə ilə Moskvadan keçib buraya gəlmişdir. Cəmi 10 faiz Vilnüsə daha yaxın olan qonşu Latviyanın paytaxt aeroportundan Azərbaycana uçmuşdur.
Təqribən 20 il Litvada yaşamış azərbaycanlı, həmvətənləri üçün Azəri.lt İnternet səhifəsini yaratmış Kamal Zülfiyevin sözlərinə görə, Azərbaycan sivilizasiyanın beşiyi olan vur-tut bir neçə ölkədən biridir, buna görə də bu ölkəyə gələn hər bir kəs nə isə yeni bir şey öyrənir.
K.Zülfiyev demişdir: “Azərbaycanın özünəməxsus mədəniyyəti bəşəriyyətin tarixi ilə tanış olmaq imkanı verir. Bundan başqa, həyatın iti sürətindən və iqtisadi çətinliklərdən yorulmuş litvalılar üçün Azərbaycana səyahət Litvadakından fərqli, təzadlı bir mühitə düşmək üçün gözəl fürsətdir”.
Nigar Hüseynova
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs